BDU 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində təmsil olunub

12/04/2010

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müəllimi Ruslan Mirzəyev tədris etdiyi Kommersiya hüququ magistr proqramındakı magistrantlar – Simuzər Feyzullayeva və Leyla Səfərova ilə birlikdə 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak ediblər. Ruslan Mirzəyev öncə Bakı Dövlət Universitetini adıçəkilən mötəbər Müsabiqədə iştirak üçün qeydiyyatdan keçirib və hazırlaşdırdığı tələbələri ilə birlikdə 25 mart - 2 aprel tarixlərində müsabiqənin keçirildiyi Vyana şəhərində olub.

Bu haqda daha ətraflı məlumat almaq üçün Mülki hüquq kafedrasının müəllimi Ruslan Mirzəyevlə əlaqə saxladıq. Öncə VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsi haqqında məlumat verən Ruslan müəllim bildirdi ki, Müsabiqə 1994-cü ildən təşkil olunur və kommersiya hüququ sahəsində dünyanın ən möhtəşəm beynəlxalq yarışı hesab edilir: «Müsabiqədə 60-a yaxın ölkədən 250-dən çox universitet iştirak edir. Bu universitetlərin siyahısında dünyanın ən aparıcı universitetləri - Harvard, Yale (“Yeyl”), Kolumbia, Humbolt, London İqtisadiyyat Məktəbi və s. də var. Universitetlərlə yanaşı, dünyanın aparıcı hüquqşünasları və hüquqşünas alimləri də tədbirdə iştirak edirlər. Böyük Britaniyanın məşhur BBC telekanalı tərəfindən müsabiqə "Beynəlxalq kommersiya hüququ üzrə dünya olimpiadası” adlandırılıb. Yarış hər il Avstriyanın Vyana şəhərində təşkil olunur və BMT tərəfindən dəstəklənir. Yarışın nəticələri isə BMT-yə məruzə olunur».

Təbii ki, belə mötəbər tədbirdə Bakı Dövlət Universitetinin iştirakı yüksək dəyərləndirilməlidir. Çünki bu Azərbaycan elmi və təhsilinin dünyada təbliği və təsdiqi üçün çox vacib məsələdir. Ruslan müəllimin «Bakı Dövlət Universiteti yarışda ilk dəfə çıxış etməsinə baxmayaraq, komanda dünyanın aparıcı təhsil ocaqlarının - ABŞ-ın Corc Vaşinqton, Fransanın Montpeller, Avstraliyanın Viktoria və Filippinin Ateneo de Manila Universitetlərinin təmsilçiləri ilə bir araya gəldi» - fikirləri də dediklərimizin təsdiqidir. Ruslan Mirzəyevin sözlərinə görə, universiteti belə bir mötəbər tədbirdə təmsil etmək çox qürurvericidir. «Düzdür, biz final mərhələsinə çıxa bilməsək də, komanda olaraq çox uğurla yarışdıq. 5 universitetin təmsil olunduğu qrupdan yalnız ABŞ-ın Corc Vaşinqton Universiteti növbəti, final mərhələsinə çıxa bildi». R.Mirzəyev bildirdi ki, komandanın uğurla yarışması gələcək müsabiqə üçün stimul yaradıb. Əsas məqsəd isə bu mötəbər yarışdan qalib kimi dönməkdir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan təhsili, elmi inkişaf edir və beynəlxalq elmə, təhsilə inteqrasiya olunur. Ən xoş olan həm də odur ki, elmimizi, təhsilimizi beynəlxalq aləmə çıxardan Ruslan Mirzəyev və onun timsalında peşəkar, savadlı hüquqşünaslarımız yetərincədir.

Mətbuat xidməti

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024