BDU 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır

14/09/2023

2023-cü il 2-6 oktyabr tarixlərində Bakı şəhərində dünya miqyasında ən mötəbər tədbirlərdən olan 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC-2023) keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 7 fevral 2022-ci il tarixli Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın kosmos tarixinin formalaşmasında əvəzsiz xidmətlər göstərmiş, milli kosmik sənayenin qurucusu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” adlı Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi ölkəmizin həm elm-təhsil, həm də ictimai-siyasi həyatında mühüm və möhtəşəm hadisədir.

Beynəlxalq Astronavtika Konqresinin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizin qlobal kosmos sənayesinə sürətli inteqrasiyasının, kosmik sənayemizin inkişafının göstəricisidir. Azərbaycanda Astrofizika ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan yeganə kafedranın fəaliyyət göstərdiyi və ali təhsil müəssisəsi olaraq 2023-cü ildən Beynəlxalq Astronavtika Federasiyasının yeganə üzvü olan Bakı Dövlət Universitetinin (BDU) bu mötəbər tədbirə qatılması, yaradılan imkanlardan faydalanması əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verəcək.

Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək sərgi pavilyonunda beynəlxalq kosmik şirkətlər və digər müvafiq təşkilatlarla yanaşı, BDU-nun da stendinin nümayiş olunması nəzərdə tutulub. Stenddə BDU-nun son illər təhsil, elm, texnologiya sahələrində əldə etdiyi nailiyyətləri özündə əks etdirən xidmət və layihələr nümayiş olunacaq. Mütərəqqi innovativ texnologiya və süni zəka əsaslı yüksək texnologiyalar sahəsində bir-birindən maraqlı layihələrin interaktiv təqdim edilməsi, fərqli müsabiqələrin, ustad dərslərinin keçirilməsi nəzərdə tutulduğundan BDU-nun stendi müxtəlif ölkələrdən olan ziyarətçilər üçün maraqlı məkan olacaq. Sərgi günlərində işgüzar görüşlərin keçirilməsi, səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması da planlaşdırılır. Sərgidə iştirak astrofizika, kosmos elmləri və texnologiyası sahələrində fəaliyyətin təşviqi, beynəlxalq əlaqələrin yaradılması, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi, 75-dən çox ölkədən 6000 yüksək ixtisaslı mütəxəssisin, o cümlədən 2500-dən artıq gəncin BDU ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, BDU Azərbaycanın ali təhsil müəssisələri arasında sərgidə təmsil olunan yeganə universitetdir. BDU Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun İnstitusional üzvüdür və Beynəlxalq Astronavtika Akademiyasında təmsil olunur.

Həmçinin Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə birgə Beynəlxalq Kosmos Hüququ İnstitutunun Direktorlar Şurasının üzvü, Qərbi Sidney Universitetinin fəxri professoru Steven Freeland və Almaniyanın Köln Universitetinin Hava Hüququ, Kiberhüquq və Kosmos Hüququ İnstitutunun direktoru, professor Stephan Hobenin Universitetin BDU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşü nəzərdə tutulur. Azərbaycanda kosmos hüququ elminin inkişafını təşviq etmək məqsədilə yüksək nüfuza malik beynəlxalq universitetlərin professorlarının belə interaktiv görüşünün BDU-da keçirilməsi kosmos sənayesi və peyk texnologiyası sahəsində uğurla inkişaf edən ölkəmizdə kosmos hüququ sahəsində ekspertlərin hazırlanmasına və bu fəaliyyəti tənzimləyən qanunvericilik bazalarının daha da dərindən tədqiq edilməsinə xüsusi töhfə verəcək. Yaxın gələcəkdə Kosmik Agentlik, BDU və Almaniyanın Köln Universitetinin Hava Hüququ, Kiberhüquq və Kosmos Hüququ İnstitutu ilə anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Bundan başqa, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı ölkəmizə səfər edəcək astronavtlardan ibarət rəsmi heyətin BDU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərin məqsədi bir çox kosmik missiyalarda olmuş astronavtların həyat və peşə təcrübəsi haqda tələbələri və gənc alimləri maarifləndirmək, eləcə də təcrübə mübadiləsi zəminli müzakirələr aparmaqdır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024