BDU – 105: Azərbaycanda və dünyada ekoloji problemləri araşdıran Ekologiya və torpaqşünaslıq fakültəsi

19/09/2024

Bu gün dünyada ən aktual məsələlərdən biri bəşər sivilizasiyasının və onu əhatə edən ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Atmosferin ozon qatının dağılması, qlobal istiləşmə, səhralaşma prosesinin getdikcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması dünyanı narahat edən ciddi problemlərdir.

Ölkəmizdə ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, şəhərlərimizdə atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyini, ekoloji biliklərə tələbat və marağı günü-gündən artırır.

Ətraf mühitin mühafizəsi məsələləri Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ümummilli Lider respublikamız üçün aktual olan ekoloji problemlərin  həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair bütün vacib beynəlxalq konvensiylara qoşulub, zəruri qanunvericilik bazası yaradılıb. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirən ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib. “Ekologiya ili”ndə irəli sürülən strateji planlar çərçivəsində görüləcək tədbirlər sırasına töhfə olaraq Bakı Dövlət Universiteti Elmi Şurasının 20 noyabr 2010-cu il tarixli qərarı ilə Biologiya, Coğrafiya və Kimya fakültələrinin müvafiq kafedralarının bazasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradılıb. Fakültənin rəsmi açılışı 2011-ci il mart ayının 3-də olub.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, Azərbaycanın bu ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin dünyanın ekoloji balansının qorunması istiqamətində mühüm rola malik olduğunu göstərir. Bu, Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin üzərinə də mühüm öhdəliklər qoyur.

Ekologiya və torpaqşünaslıq faklütəsində təbii ehtiyatların və təbii şəraitin qorunması, daha səmərəli istifadə olunması problemləri, keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi, torpaq kadastrı, torpaqların bonitirovkası, ekoloji münbitlik modeli, ekoloji qiymətləndirilməsi və monitorinqi, neft-qaz və neft-kimya sənaye müəssisələrində formalaşan istehsalat tullantılarının ətraf mühitə ekoloji təsirlərinin qiymətləndirilməsi öyrənilir. Həmçinin, Abşeronun təbii şəraitinin antropogen dəyişməsinin qiymətləndirilməsi, təbii şərait və təbii ehtiyatların qiymətləndirilməsinin metodları, şəhərlərin atmosferinin çirklənməsinin tədqiqi, proqnozlaşdırılması və mühafizə yolları, landşaftların ekologiyası və mühafizəsinin problemləri, bazar iqtisadiyyatı şəraitində regionların davamlı inkişafının ekoloji əsasları və problemləri araşdırılır.

Ekologiya və torpaqşünaslıq fakültəsinə 2011-2021-ci illərdə professor Nazim Şəmilov, 2022-ci ildən isə dosent Akif Ağbabalı rəhbərlik edir. Fakültədə hazırda 45 nəfərdən ibarət professor-müəllim heyəti çalışır, 870 bakalavr, 85 magistrant, 9 doktorant, 4 dissertant təhsil alır.

Ekologiya və torpaqşünaslıq fakültəsi ABŞ-nin İndiana, Con-Hopkins, Türkiyənin Muğla Sıtkı Koçman, Anadolu, Sakarya, On Doqquz May, Almaniyanın Qrayfsvald və Ebesvald universitetləri, Avstriyanın Klaqenfurt Universiteti, Rusiyanın Perm Dövlət Kənd Təsərrüfatı Akademiyası, Moskva Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Universiteti, Yer Quruluşu Universiteti, Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu, Kazan Dövlət Universiteti, Gürcüstanın Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universiteti, Telavi Dövlət Universiteti, Portuqaliyanın Lissabon Universiteti, İtaliyanın La Sapienza Universiteti kimi qabaqcıl universitet və elmi mərkəzlərlə beynəlxalq əməkdaşlıq edir.

Hazırda Ekologiya və torpaqşünaslıq fakültəsində 5 kafedra və 2 tədris laboratoriyası fəaliyyət göstərir.

Coğrafi ekologiya kafedrasında Azərbaycanda təbii ekoloji şəraitin qiymətləndirilməsi və mühafizəsi yolları istiqamətində tədqiqat işləri aparılır.

Ekoloji kimya kafedrasının elmi istiqaməti ətraf mühitin toksiki birləşmələrlə çirklənməsinin monitorinqini aparmaq, aradan qaldırılması yollarını müəyyənləşdirməkdir. Kafedranın nəzdində mərhum akademik Rəfiqə Əliyeva tərəfindən yaradılmış “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərib. Hazırda laboratoriya BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyətini davam etdirir. Laboratoriya ətraf mühit obyektlərində bir sıra metal ionlarının miqdarının təyini və qatılaşdırılaraq ayrılmasını təmin edən yeni metodikaların işlənib hazırlanması ilə məşğul olur.

Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında torpaqların genezisi, coğrafiyası və xəritələşdirilməsi, münbitliyinin müqayisəli və ekoloji qiymətləndirilməsi, münbitliyin bərpası, mühafizəsi və səmərəli istifadəsi, Azərbaycanın torpaq-kadastr rayonları torpaqlarının tədqiqi və qiymətləndirilməsi ilə əlaqədar tədqiqatlar yerinə yetiriliir.
Bioekologiya kafedrasının elmi istiqaməti biomüxtəlifliyin tədqiqi, mühafizəsi, səmərəli istifadəsi və kompleks ekoloji qiymətləndirilməsi məsələləri ilə bağlıdır.

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası fövqəladə hadisələrdən müdafiə sahəsində hazırlığın həyata keçirilməsi, ehtimal olunan fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydalarının tədrisi və təbliği istiqamətində fəaliyyət göstərir.

Ekologiya və torpaqşünaslıq fakültəsi Universitetin 105 illik yubileyi ilində yeni uğurlara inamla addımlayır. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin bu baxımdan mühüm əhəmiyyəti var. Ölkəmizdə yaşıl enerjiyə keçid sürətlə baş verir, Azərbaycan bu sahədə qabaqcıl ölkələr sırasındadır. COP29 çərçivəsində ölkələr arasında körpü yaratmaqla öhdəliklərin daha sürətli icrası çox yaxşı imkanlar yaradacaq, ekologiya elminin inkişafına öz töhfəsini verəcək.

azertag.az

Xəbərlər

Zəfərimizin təntənəsi - Dövlət Suverenliyi Günü

Zəfərimizin təntənəsi - Dövlət Suverenliyi Günü
20/09/2024

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 92 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 92 il ötür
20/09/2024

Azərbaycan şərqşünaslığının görkəmli siması Aida İmanquliyevanın xatirə günüdür

Azərbaycan şərqşünaslığının görkəmli siması Aida İmanquliyevanın xatirə günüdür
19/09/2024