BDU – 105: Ölkəmizdə yüksəkixtisaslı kimyaçılar hazırlayan əsas elmi mərkəz

04/09/2024

105-ci yaşını qeyd edən Bakı Dövlət Universitetinin (BDU) ən köklü fakültələrindən biri də Kimya fakültəsidir. Fakültə BDU-nun ilk fakültələrindən olan Tibb fakültəsinin nəzdində fəaliyyət göstərən Ümumi və qeyri-üzvi kimya kafedrasının bazasında 1934-cü ildə yaradılıb.

Azərbaycanda kimya elmi və sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1970-1980-ci illərdə geniş vüsət alıb. Bu dövrdə çoxsaylı fabrik və zavodlar işə salınıb, yenidən qurulub. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildən sonra Azərbaycana yenidən rəhbərlik etdiyi dövrdə də bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb. 2003-cü ildən etibarən bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Hazırda Azərbaycanda dünya kimya elminin ənənəvi istiqamətləri ilə yanaşı, yeni elmi istiqamətləri, o cümlədən biokimya, molekulyar biokimya, fiziki kimya, kimyəvi fizika və s. sahələr də uğurla inkişaf edir.

Azərbaycanda neft kimyası və kimya texnologiyası elmi məktəbinin banisi akademik Yusif Məmmədəliyevin ölkəmizdə kimyaçılar nəslinin yetişməsindəki xidmətləri xüsusilə əvəzsizdir. Akademik Yusif Məmmədəliyev 1945-1961-ci illərdə fakültənin Neft kimyası kafedrasına rəhbərlik edib, neft qazlarının və onların müxtəlif komponentlərinin halogenləşməsi, onların əsasında qiymətli maddələrin alınması sahəsindəki orijinal tədqiqatları ilə neft kimyası sahəsini xeyli zənginləşdirib. Onun tədqiqatları İkinci Dünya Müharibəsi illərində sovet aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsinə səbəb olub və müharibənin gedişində əhəmiyyətli dönüş yaradıb.

Respublikamızda kimya təhsilinin banisi olan professor Sadıq Hüseynov 1910-cu ildə Almaniyada Darmştadt Kimya Texnologiya İnstitutunu kimyaçı-mühəndis ixtisası üzrə bitirib. 1927-ci ildən BDU-da çalışan Sadıq Hüseynov 1936-cı ildə Qeyri-üzvi kimya kafedrasının müdiri olub. O, BDU-da ilk dəfə Azərbaycan dilində kimyadan mühazirələr oxuyub, eyni zamanda ölkəmizdə kimya terminologiyasının və ilk kimya dərsliklərinin yaradılmasında mühüm xidmətlər göstərib. Sadıq Hüseynov buruq sularından ozon üsulu ilə yodun, bromun alınması, işlənmiş sulfat turşusunun təmizlənməsi, xalq təsərrüfatına lazım olan bir sıra qiymətli kimyəvi birləşmələrin sintezi üsullarını işləyib hazırlayıb. İkinci Dünya Müharibəsi illərində cəbhənin ehtiyacını ödəmək üçün lazım olan bir sıra maddələrin alınmasının yeni üsullarını təklif edib. Alim həmçinin Azərbaycanda bir neçə zavod və fabrikin təşkilində elmi məsləhətçi olub.

Azərbaycanda milli kadrların yetişməsinə böyük əmək sərf etmiş professor Vladimir Tixomirov 1921-ci ildən BDU-da çalışıb və 1936-1946-cı illərdə Fiziki kimya kafedrasının müdiri olub. Onun əsas elmi-tədqiqat işləri Bakı neftinin və neft məhsullarının emalı zamanı baş verən mürəkkəb fiziki-kimyəvi proseslərin, vulkanik küllərin, gillərin, eləcə də bəzi mineralların katalitik xassələrinin öyrənilməsinə həsr edilib.

Akademik Rəfiqə Əliyeva Analitik kimya kafedrasının və ümumiyyətlə, analitik kimya elminin inkişafında mühüm rol oynayan alimlərimizdəndir. Rəfiqə Əliyeva 1952-1956-cı illərdə Kimya fakültəsində təhsil alıb və ömrünü Analitik kimya kafedrası ilə bağlayıb. Akademik Rəfiqə Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının işlənilməsi sahəsində fundamental tədqiqatlar aparıb. O, piroqallol, teonilidin və asetilaseton əsasında bir neçə yeni üzvi reaktivlər sintez edib və onlardan istifadə ilə bir sıra metal ionlarının təyini üçün yüksək analitik göstəricilərə malik fotometrik metodikalar işləyib hazırlayıb. O, ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən edib. Alim qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində də mühüm tədqiqat işləri aparıb. O, 2001-ci ildə fakültədə Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaradıb, 2017-ci ilə kimi həmin laboratoriyaya rəhbərlik edib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik olan Rəfiqə Əliyeva Əməkdar elm xadimi fəxri adına layiq görülüb, həmçinin “Şöhrət” ordeni ilə təltif olunub. O, 450-dən çox elmi əsərin, 25-dən çox dərslik və dərs vəsaitinin, 6 tərcümə kitabının və 20 patentin müəllifi idi. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişib.

Azərbaycanda kimya elminin və BDU-nun Kimya fakültəsinin inkişafında Əli Quliyev, Soltan Mehdiyev, Murtuza Nağıyev, Nadir Seyidov kimi akademiklərin də mühüm rolu olub. Fakültənin professor-müəllim heyəti Azərbaycanda kimya elminin və sənayesinin inkişafına mühüm töhfələr verib, bu sahədə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayıb. Fakültədə elmi varislik əlaqələrinin möhkəm təməl üzərində qurulması və inkişaf etdirilməsi bu sahənin daha da inkişaf etməsinə müsbət təsir göstərir.

Yarandığı dövrdən indiyədək kimya fakültəsinə dosentlər Məmmədəmin Hacı Əhməd oğlu Əfəndi (1934-1937), Murtuza Əhmədli (1937-1938), Mədət İskəndərov (1938-1939), Səttar Əbilov (1939-1946), professorlar İslam Əlizadə (1946-1950), Cümşüd Zülfüqarlı (1950-1952), Səkinə Ələkbərova (1952-1957; 1981-1983), dosent Qiyas Abdullayev (1957-1960), professor Cəbrayıl Hüseynov (1960-1967), dosentlər Bəşir Mirzəyev (1967-1975), Fikrət Babayev (1975-1978), Dəmir Qəmbərov (1978-1981), Ənvər Bəşirov (1983-1988), professorlar Valeh İsmayılov (1988-1993), Abel Məhərrəmov (1993-1999), Eldar Əhmədov (1999-2006), Abdulsəyid Əzizov (2006-2022) rəhbərlik edib. 2022-ci ildən isə fakültənin dekanı dosent Fuad Kərimlidir.

Yeni yaradıldığı vaxt Kimya fakültəsinin cəmi üç əməkdaşı olub. Hazırda isə fakültədə təhsil alan tələbə və magistrantlarla 100-ə yaxın professor-müəllim heyəti məşğul olur. Onlardan 3 nəfəri AMEA-nın həqiqi, 1 nəfəri müxbir üzvü, 27 nəfəri elmlər doktoru, professor, 47 nəfəri fəlsəfə doktoru, dosent, baş müəllim və müəllimdir.

Kimya fakültəsinin kafedra  və elmi-tədqiqat laboratoriyalarında elmi fəaliyyət illər ərzində formalaşmış elmi məktəblər çərçivəsində həyata keçirilir. Fakültədə müxtəlif xəstəliklərə qarşı əlverişli dərman maddələri, neft çıxarma-neft emalında istifadə olunan materialar, “Avro-4”, “Avro-5” benzin istehsalı ücün yüksək oktanlı  komponentlər, çirklənmiş obyektlərin təmizlənməsini həyata keçirən analitik reagentlər, müxtəlif təyinatlı polimerlər, polimer kompozisiyaları, nanomaterialların sintezi, eləcə də tədqiqi istiqamətdə elmi-tədqiqat işləri aparılır. Həmçinin fakültədə "Kimyanın tədrisində aktual problemlər", "Kimyanın tədris metodları, təcrübələr və metodika nəzəriyyəsinin hərtərəfli öyrənilməsi və təhlili" istiqamətində, ətraf mühit obyektlərində toksiki, eləcə də radioaktiv metalların təyinat metodikalarının işlənməsi,  müasir qeyri-üzvi materialşünaslıq, o cümlədən yarımkeçirici materialşünaslığın aktual problemləri istiqamətində tədqiqat işləri həyata kecirilir.

Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında fəal iştirak edir, əməkdaşların beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda məqalələri nəşr olunur. Müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar ölkə, eləcə də beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edirlər. Fakültədə mütəmadi şəkildə elmi konfrans, elmi seminar və ustad dərsləri təşkil olunur. Fakültədə təhsilin fəlsəfə doktorluğu və elmlər doktorluğu səviyyələri üzrə elmi-pedaqoji kadr hazırlığı həyata keçirilir.

Kimya fakültəsi ölkəmizdə yüksək ixtisaslı kimyaçı kadrlar hazırlayan əsas elm mərkəzdir. Hazırda fakültədə 7 kafedra ( Ümumi və qeyri-üzvi kimya, Üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, Neft kimyası və kimya texnologiyası, Yüksəkmolekullu birləşmələr kimyası, Kimyanın tədrisi metodikası kafedraları), onların nəzdində elmi-tədqiqat və tədris laboratoriyaları fəaliyyət göstərir. Fakültədə 1500-dən çox tələbə, magistr və doktorant təhsil alır. Fakültənin elmi-tədqiqat və tədris  laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub.  2011-ci ildən fakültənin “Kimya” ixtisasının ingilis bölməsinə tələbə qəbulu həyata keçirilir. 2014-2015-ci tədris ilindən etibarən Elm və Təhsil Nazirliyi yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə “Kimya müəllimliyi” ixtisası üzrə SABAH qrupu yaradıb. 2019-2020-ci tədris ilindən fakültədə magistratura səviyyəsində ingilis bölməsi fəaliyyətə başlayıb. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.  Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən laboratoriyalarda və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində tədqiqat aparmaq imkanlarına malikdirlər.

Fakültədə “Kimya”, “Kimya mühəndisliyi”, “Kimya müəllimliyi” ixtisasları üzrə bakalavr hazırlığı aparılır. Fakültədə magistratura və doktorantura səviyyələrində 16 ixtisaslaşma üzrə kadrlar hazırlanır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmrinə əsasən, BDU-nun nəzdində “Analitik kimya”, “Üzvi kimya” və “Fiziki kimya” ixtisasları üzrə Dissertasiya Şuraları yaradılıb.

Fakültədə müasir cihazlarla təmin olunmuş Nüvə Maqnit Rezonansı (BRUKER-300 NMR spektrometri), Rentgen Quruluş Analiz (Smart Apexs II difraktometri), Xromato-kütlə analiz (Esgüise 6000 kütlə spektometri və Agilent 1200 maye xromatoqrafı), Derivatoqrafik analiz (Derivatoqraf-MS), Xromatoqrafik analiz (Agilent qaz xromatoqrafı) tədris və elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir.

Kimya fakültəsi yarandığı vaxtdan dünyanın qabaqcıl elm mərkəzləri ilə elmi əlaqələr qurub. Bu əlaqələr M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu, N.D.Zelinski adına Üzvi Kimya İnstitutu, Kazan Dövlət Universiteti, Rusiya Fizioloji Aktiv Birləşmələr İnstitutu, A.T. Arbuzov adına Üzvi və Fiziki Kimya İnstitutu, Şərqi Sibir EA-nın Favorski adına Üzvi Kimya İnstitutu, Fransanın Lumiere Matiere İnstitutu, ABŞ-nin Minnesota Universiteti, Şimal-Şərqi Ohayo Tibb Universiteti, İtaliyanın Pavia Universiteti, Portuqaliyanın Lissabon Universitetinin Ali Texniki İnstitutu, Türkiyənin Ankara Universiteti, Yıldız Texniki Universiteti, Ostim Texniki Universiteti, Qars Universiteti, Sivas Cümhüriyyət Universiteti və s. ilə uğurla davam etdirilir. Bununla yanaşı, “Erasmus-Mundus”, “Erasmus+”, ”Mövlanə” kimi proqramlar vasitəsilə mütəmadi olaraq tələbə və professor-müəllim mübadiləsi həyata kecirilir.

Kimya fakültəsinin təşkilatçılığı ilə tədqiqatçıların beynəlxalq və respublika elmi konfransları, istedadlı tələbələri aşkarlamaq, elmi-tədqiqat fəaliyyətinə cəlb etmək məqsədilə Kimya üzrə tələbələr arasında Respublika Olimpiadası keçirilir.

Kimya fakültəsi ölkədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə geniş əməkdaşlıq edir. Tədris prosesinin innovativ metodlar əsasında qurulması, elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eyni zamanda tələbələrin gələcəkdə işlə təmin edilməsi baxımından bu qurumlarla əməkdaşlıq olduqca əhəmiyyətlidir. Fakültənin elmi və intellektual potensialı Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materiallar İnstitutu, Radiasiya Problemləri İnstitutu, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodu, Qaz emalı zavodu, “Azərkimya” və “Azneft” İstehsalat Birlikləri, Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməyə imkan verir.

Fakültədə magistratura səviyyəsinin 6 ixtisaslaşması (“Üzvi kimya”, “Yüksək molekullu birləşmələr kimyası”,  “Neft kimyası”, “Qeyri-üzvi kimya”, “Analitik kimya”, “Fiziki kimya” ) beynəlxalq akkreditasiyadan keçib. Bakı Dövlət Universiteti və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə bağlanmış müqaviləyə əsasən, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında “Neft kimyası” ixtisaslaşması üzrə birgə ikili diplom proqramı həyata keçirilir.

105 yaşlı BDU-nun Kimya fakültəsi ölkəmizdə kimya elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rolunu uğurla davam etdirəcək.

https://azertag.az/xeber/azerbaycanda_yuksekixtisasli_kimyachilar_hazirlayan_elm_merkezi-3164542

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024