BDU – 105: Nobel mükafatçısının təhsil aldığı, "TEKNOFEST" qaliblərini yetişdirən Fizika fakültəsi

22/08/2024

Bəşəriyyətin inkişafı bütün tarix boyu elm və təhsillə bağlı olub. Hazırkı texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə elmin müasirliyi və təhsilin keyfiyyəti xüsusi önəm kəsb edir. Ölkənin hərtərəfli inkişafı elmin və təhsilin gələcək çağırışlara uyğun qurulmasından bilavasitə asılıdır. Azərbaycan Respublikasında təhsilin müasir standartlara uyğunlaşdırılması, elmi araşdırmaların cari və gələcək tələbləri qarşılaması baxımından təşkili istiqamətində mühüm işlər həyata keçirilir. Bu işdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi ön sıralardadır. Müasir dünyada fiziklər universal biliyə malik olma sistemli düşünə bilmə, tamamilə yeni elmi-texniki məsələləri müstəqil qoyub həll etmə bacarıqlarına görə qiymətləndirilirlər.

BDU-nun Fizika fakültəsi Azərbaycan Respublikasının fizika üzrə elmi-pedaqoji kadr ehtiyaclarının ödənilməsində mühüm rol oynayan elm və təhsil mərkəzidir. Fizika fakültəsinin məzunları ölkəmizdə və ölkə xaricində yaxşı tanınırlar. Onlar bir çox elm və təhsil müəssisələrinin kadr potensialının əsasını təşkil edir, rəhbər vəzifələrdə çalışırlar.
Fizika fakültəsinin əsası BDU-nun təsis edildiyi ilk gündən - 1 sentyabr 1919-cu ildə Tibb fakültəsinin nəzdində Fizika kafedrasının təşkili ilə qoyulub. 1920-ci ildə Fizika-riyaziyyat fakültəsi yaradılıb, 1958-ci ildən isə Fizika fakültəsi müstəqil fəaliyyət göstərir. Fizika fakültəsinin ilk kafedrası Ümumi fizika kafedrası olub və 1924-cü ildə yaradılıb. Bu kafedranı Fizika fakültəsində sonralar yaranan digər kafedraların əsası hesab etmək olar. Müxtəlif illərdə yeni kafedraların açılması, mövcud kafedraların elmi kadr potensialının gücləndirilməsi, tədris laboratoriyalarının təşkili, digər ölkələrin elm və təhsil mərkəzləri ilə əməkdaşlıq fakültənin fəaiyyətinin prioritet istiqamətləri olub.

Fizika fakültəsinin məzunları içərisində görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan dövlət xadimləri, ərazi bütövlüyünün qorunması uğrunda vuruşan qəhrəmanlarımız və şəhidlərimiz var: dünya şöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Mehdi Əliyev 1965-1970-ci illərdə BDU-nun rektoru olub. Eldar Salayev və Mahmud Kərimov müxtəlif illərdə AMEA-nın prezidenti olublar. Fakültədə Firudin Haşımzadə, Bəhram Əsgərov, Lətif İmanov, Abdulla Muxtarov, Rəhim Hüseynov və s. kimi tanınmış alimlər yetişib və dərs deyiblər. ADA Universitetinin rektoru Hafiz Paşayev, BDU-nun rektoru Elçin Babayev Fizika fakültəsinin məzunlarıdır. Birinci Qarabağ savaşında fakültənin iki məzunu – Rövşən Hüseynov və Vahid Quliyev göstərdikləri şücaətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər, Vətən müharibəsində fakültənin məzunları Şəhriyar Həbibi və Fikrət Zeynallı qəhrəmanlıq göstərərək şəhid olublar.

Fizika fakültəsində təhsilin bakalavr, magistratura, fəlsəfə doktoru və elmlər doktoru səviyyələrində elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.

Fizika fakültəsində 9 kafedra, 23 tədris laboratoriyası fəaliyyət göstərir. Fakültədə təhsil alan tələbə və magistrantların təlim-tərbiyəsi ilə 84 nəfər professor-müəllim heyəti məşğul olur, onlardan 26 nəfəri elmlər doktoru, professor, 58 nəfəri isə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllimdir. Hazırda fakültədə 1150 nəfərə yaxın bakalavr, 130 nəfərədək magistrant təhsil alır, 11 nəfər fəlsəfə doktoru, 8 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. Fakültədə əməkdaşların Həmkarlar İttifaqı Komitəsi, Gənc Alimlər Şurası, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir.

Bakalavr təhsil pilləsində 3 ixtisas - "Fizika", "Fizika müəllimliyi",  "Mühəndis fizikası" üzrə kadr hazırlığı həyata keçirilir. Fizika fakültəsində 17 ixtisaslaşma üzrə magistr hazırlığı, 10 ixtisas üzrə  fəlsəfə və elmlər doktoru hazırlanır.

Fizika fakültəsi yarandığı gündən tədris və elmi fəaliyyət günün tələblərinə uyğun qurulub, bu da fakültənin daim inkişafda olmasını təmin edib. Bu gün Fizika fakültəsində fundamental təhsil verilir və dünya səviyyəli müasir elmi tədqiqatlar aparılır. Fizika fakültəsi böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Fizika fakültəsinin tədqiqat mövzuları müasir elmin inkişaf tendensiyalarına tamamilə uyğundur və fizikanın aktual problemləri hazırda kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin əsasını təşkil edir. Fakültədə müasir standartlara cavab verən tədris proqramları hazırlanıb və fakültənin alimləri tərəfindən sanballı monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri yazılıb. Fakültə alimləri bir çox ölkədaxili və beynəlxalq fondların qrantlarını alıblar, aparılan tədqiqatların nəticələri dünyanın nüfuzlu elm jurnallarında dərc olunub. Elmi-tədqiqat sahəsində yaxşı nəticələr əldə edən tələbələrə, magistrantlara və doktorantlara dünyanın aparıcı tədqiqat mərkəzlərində təcrübə keçmək, beynəlxalq konfranslarda məruzə ilə çıxış etmək, müxtəlif ölkələrdə keçirilən yay məktəblərində iştirak etmək üçün imkan yaradılır.

Elm və təhsil fəaliyyətinin əsas göstəricilərindən sayılan beynəlxalq əlaqələrin qurulması, respublika və beynəlxalq konfransların keçirilməsi, müasir və aktual problemlərə həsr olunmuş seminarların təşkili, tələbə və müəllimlərin respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı əsas məqsədlərdəndir. Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında, ölkədaxili və beynəlxalq layihələrdə yaxından iştirak edirlər, onların məqalələri nüfuzlu beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda ("Web of Science", "Scopus" və s.) dərc olunur.

Mütəmadi olaraq fakültədə və ayrı-ayrı kafedralarda əməkdaşların, doktorantların, bakalavr və magistrantların iştirakı ilə seminarlar keçirilir. Kafedralarda keçirilən bəzi seminarlarda məruzələr kafedranın doktorantları və magistrantları tərəfindən təqdim olunur. Fakültə seminarlarında dəvət olunmuş alimlər tərəfindən müxtəlif mövzularda məruzələr oxunur və bu seminarlarda tələbələrin iştirakı təmin olunur. Dünyanın aparıcı elm mərkəzlərində çalışan görkəmli alimlərin Fizika fakültəsində elmi seminarları təşkil edilib. Almaniyanın Dortmund Texniki Universitetinin Fizika fakültəsinin professoru Dieter Suter, Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim, Misir Nəzəri Fizika Mərkəzinin prezidenti, akademik Abdel Nasser Taffik, Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının müdiri, professor Stefano Bellucci, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə Problemləri Laboratoriyasının direktoru, professor Yevgeni Yakuşev, Türkiyənin Ankara Universitetinin professoru Ali Gencer, Türkiyənin Ege Universitetinin Fizika Bölüm başkanı, professor Mustafa Təpə, Çili Respublikasının ALMA rəsədxanasının astronomları, professorlar David Rebolledo və  Nicolas Lira, İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzi və Bask Universitetinin professoru Yevgeniy Çulkov, fakültəmizin məzunları olmuş, Meksika Milli Muxtar Universitetinin professoru Natiq Atakişiyev, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev və s. kimi görkəmli alimlər müasir və maraqlı məruzələrlə fakültənin professor-müəllim heyəti və tələbələri qarşısında çıxışlar ediblər.

Fizika fakültəsində hər il tələbələrin “Gələcəyin alimləri” adlı Respublika elmi konfransı, magistrantların və gənc tədqiqatçıların “Fizika və Astronomiyanın problemləri” adlı Respublika elmi konfransı, hər iki ildən bir isə “Fizikada müasir trendlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir. Qeyd edək ki, 2023-cü ildə “Fizikada müasir trendlər” mövzusunda keçirilmiş 8-ci Beynəlxalq elmi konfrans BDU-nun ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə keçirilib və bu Beynəlxalq konfransa 25 ölkədən iştirakçılar qatılıb.

Son illərdə ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasına adekvat olaraq BDU-da beynəlxalq elmi əlaqələr sahəsində də xeyli uğurlar qazanılıb. Alimlərimiz nüfuzlu beynəlxalq konfrans və tədbirlərdə fəal iştirak edirlər. BDU-nun təşəbbüsü və təşkilatçılığı ilə yüksək səviyyəli beynəlxalq konfranslar və beynəlxalq tədbirlər (22 sentyabr-2 oktyabr 2022-ci il tarixlərində “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” Beynəlxalq Yay Məktəbi, 28-30 sentyabr 2022-ci il tarixlərində “Mərkəzi Asiya və Qafqaz Dinamik Günləri” Beynəlxalq konfransı, 31 oktyabr-5 noyabr 2022-ci il tarixlərində “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” Beynəlxalq tədbiri və s.) keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə BDU-nun nəzdində Molekulyar fizika, Bərk cisimlər fizikası və Nəzəri fizika ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Bu şuranın bazası əsasında Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə birdəfəlik Dissertasiya Şurası yaradılıb və müdafiələr keçirilib. 2021-2024-cü illərdə Dissertasiya Şurasında 5 elmlər doktoru, 15 fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Bunlardan 5-i elmlər doktoru, 8-i isə fəlsəfə doktoru olmaqla BDU-nun doktorantlarıdır.

BDU-nun təşəbbüsü və təşkilatçılığı ilə 2023 və 2024-cü illərdə bir sıra fənlər üzrə (fizika, riyaziyyat, kimya və s.) ali məktəb tələbələri arasında Respublika Olimpiadası keçirilib. Bu olimpiadalarda Fizika fakültəsinin tələbələri uğurla çıxış edərək,  I yerə layiq görülüblər.

Fizika fakültəsinin əməkdaşları, doktorant və tələbələri "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalında BDU-nu və ölkəmizi uğurla təmsil edirlər. 2022-ci ildə Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında təqdim olunan "Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması" layihəsi III yerə layiq görülüb. 2023-cü ildə İstanbulda keçirilən “TEKNOFEST Türkiyə” Aerokosmik və Texnologiya Festivalında təqdim olunan “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi I yerə, “Ağıllı damla sulama sistemi” layihəsi isə III yerə layiq görülüb. Fizika fakültəsinin əməkdaşlarından və tələbələrindən ibarət iki komandanın layihələri 2024-cü ilin sentyabr ayında keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb. Belə ki, “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsi, “ESST-6” komandasının “E-tarım sulama” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxıb.

Fizika fakültəsi BDU-nun İnkişaf Strategiyasına uyğun olaraq öz yaxın, orta və uzaq perspektivdəki hədəflərini müəyyənləşdirib. Fakültə BDU-da elmə olan həssas münasibət və elmi fəaliyyət sahəsində məqsədyönlü həyata keçirilən islahatlar sayəsində Universitetin 105 illik yubileyi ərəfəsində yeni uğurlara inamla addımlamağı hədəfləyir.

https://azertag.az/xeber/bdu_105_nobel_mukafatchisinin_tehsil_aldigi_teknofest_qaliblerini_yetisdiren_fizika_fakultesi-3145942

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024