“BDU – elm və təhsilin qovuşduğu məkan”

29/03/2022

Bakı Dövlət Universitetində (BDU) 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “BDU – elm və təhsilin qovuşduğu məkan” mövzusunda konfrans keçirilib.
Tədbirdən əvvəl BDU-nun himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev müasir Azərbaycan təhsilinin, mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşmasında elmin əhəmiyyətini nəzərə alaraq 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Azərbaycanda elmin yüksək sürətlə inkişafı məhz Ulu Öndər, BDU-nun məzunu olmuş Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə bütün sahələrdə böyük dönüş və milli oyanış başlayıb, məhz bu dövrdə Azərbaycanda elmin mühüm strateji istiqamətləri müəyyənləşdirilib, mükəmməl təşkilati işlər həyata keçirilib, yüksəkixtisaslı kadr potensialının formalaşmasına başlanılıb. Məhz bu illərdə BDU-da da elmin və təhsilin sürətli tərəqqisi, elmi əməkdaşlıq əlaqələrinin genişlənməsi və elmi-texniki təşkilati işlərin təkmilləşməsi mümkün olub. 30 illik tarixə malik müasir Azərbaycan dövlətinin ilk illərində yaranan siyasi böhrana, iqtisadi tənəzzülə, vətəndaş müharibəsi təhlükəsinə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra birdəfəlik son qoyulub, elmi potensialın milli sərvətimiz olaraq qorunması və inkişaf etdirilməsi yenidən dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün sferalarda olduğu kimi, dövlətin elm siyasəti sahəsində də Ümummilli Lider Heydər Əliyevin ənənələrini davam etdirir. Azərbaycanda elmi islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq dövlət proqramları, fərman və sərəncamlar, xüsusilə də dövlət başçısının 2016-cı il 9 avqust tarixli fərmanı ilə qüvvəyə minən “Elm haqqında” Azərbaycan Respublikasının qanunu ölkəmizin elm salnaməsinə müstəsna əhəmiyyətə malik tarixi sənəd kimi daxil olub.
Rektor çıxışında vurğulayıb ki, öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən BDU-da hər il “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilir. Artıq iki ildir ki, 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU-nun əməkdaşları arasında “İlin alimi” müsabiqəsi elan olunur, bütün fakültələrdə silsilə elmi seminarlar, ustad dərsləri təşkil edilir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2022-ci ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi artaraq 50 olub (Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 5.59-a qədər yüksəlib. BDU-nun əməkdaş, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3477 elmi əsər dərc olunub. Bu əsərlərə 19521 dəfə istinad edilib. Təkcə 2021-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 283 əsər nəşr edilib və bu əsərlərə 4810 dəfə istinad olunub ki, bu da  2018-ci illə müqayisədə 2.5 dəfə çoxdur. Bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.
Sonra BDU-da 2021-ci il üzrə keçirilmiş elmi tədbirlər və "Texnofest-2022" festivalı ilə bağlı videoçarxlar nümayiş olunub.
Tədbirdə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və Virusologiya ETL-in müdiri, professor Xudaverdi Qənbərov “Mikrobların yaratdığı xəstəliklər və onlardan qorunma yolları”, Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov “Nüvə maqnit rezonansı spektroskopiyasının tətbiq imkanları”,  Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov “BDU tələbələrinin elmi-tədqiqat və mühəndis-texniki yaradıcılıq fəaliyyəti”, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli “Klassik poeziyanın azərbaycanlı  nümayəndələrinin yaradıcılığında oyun adları ilə bağlı linqvopoetik sahə”, Filologiya fakültəsinin Türkoloji araşdırmalar ETL-in elmi işçisi Pərvin Eyvazov “Müasir türkologiya: problemlər və perspektivlər” mövzularında məruzələr ediblər.
Konfransın sonunda 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin qalibləri elan olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024