BDU alimləri Abşeron göllərinin ekoloji vəziyyətini tədqiq ediblər

07/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının əməkdaşları tərəfindən Abşeronun Lökbatan, Binəqədi və Kürdəxanı gölləri və ətraf ərazilərdə torpaq örtüyü, mezofauna, flora və ornitofaunanın ekoloji vəziyyəti tədqiq edilib.

Lökbatan gölü Abşeron yarımadasının cənub-qərbində, Qaradağ rayonu ərazisində yerləşərək, ümumi sahəsi 270 ha, dəniz səviyyəsindən hündürlüyü -24 m təşkil edir. Lökbatan gölü ətrafında  şoranvari-şorakətvari boz-qonur torpaqlar yayılıb. Boz torpaqlar əsasən qarağanlı yovşanlı, qarağanlı-yovşanlı-efemerli, yovşanlı-efemerli bitki örtüyünün altında yayılıb. Aparılmış torpaq və kameral-laboratoriya tədqiqatları bu torpaqların kifayət qədər şorlaşmaya məruz qaldığını göstərir.

İlin müxtəlif mövsümlərində tədqiqat ərazisinə edilmiş səfərlər nəticəsində Lökbatan gölü və ətraf sahələrin florası inventarlaşdırılıb. Lökbatan gölünün ətraf sahələrinin bitki örtüyünü Abşeron üçün xarakterik olan yarımsəhralar təşkil edir, burada göl boyunca çoxbudaqlı yulğun kolları (Tamarix ramossisima ), az duzlu sahələrdə ağacvarı şorangə (Salsola dendroides Pall.), ətli şoran (Climacoptera crassa), duzların artıq olduğu ərazilərdə isə Avropa duzlaq çoğanı (Salicornia europaea L.), duzlaq asteri (Aster tripolium L.)  növləri yayılıb. Gölün ətraf sahələrinin məişət tullantıları və lazımsız tikinti materialları ilə çirkləndirilməsi buradakı yarımsəhra fitosenozlarının vəziyyətini xeyli pisləşdirib. Mövcud vəziyyətlə əlaqədar burada bitkilərin sayı Binəqədi gölü və ətraf sahələrlə müqayisədə xeyli azdır. Lökbatan gölü və ətraf ərazilərə edilmiş səfər zamanı 8 fəsiləyə və 14 cinsə aid 19  növ borulu bitki qeydə alınıb. 2022-ci ilin fevral və iyul aylarında aparılmış tədqiqatlar zamanı göldə 8 dəstəyə aid 37 quş növü qeyd olunub. Bunlardan 485-i ördəklər, 620-si (daha çox) sərçəkimilər dəstəsinə aiddir. Fevral ayında qeydə alınmış 18 növ köçəri quşlardır. İyul ayında qeydə alınmış 10 növdə yuvalama, bəziləri isə qışlama və yuvalama qeydə alınıb. 22 növ oturaq quşlardır.

Binəqədi gölü və ətraf ərazilərdə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, ərazi antropogen mənşəli çirklənməyə məruz qalıb. Gölətrafı ərazidə təbii yovşan-efemer və otlu-kolluq bitkiləri altındakı təbii senozlarda iki tipə (Mollusca və Arthropoda), dörd sinifə, altı dəstəyə, beş fəsiləyə, yeddi cinsə aid olan onurğasızlar yaşayır. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, uzun illər ərzində edilən mənfi təsirlər gölün ekoloji tarazlığının pozulmasına, təbii keyfiyyətlərinin itirilməsinə, ətraf ərazinin flora və fauna üçün yararsız hala düşməsinə səbəb olub. Nəticədə torpaq onurğasızları qrupunun kasad olaraq yalnız həşəratlardan (Arthropoda) (85,7%) və qarınayaqlılardan (Gastropoda) (14.3%) ibarət olduğu müəyyən edilib. Göl və ətraf ərazilərin florasının tədqiqi zamanı 10 fəsiləyə (Chenopodiaceae, Caryophyllaceae, Geraniceae, Poaceae, Cucurbitaceae, Apiaceae, Tamaricaceae, Primulaceae, Asclepidaceae, Lemnaceae), 21 cinsə aid 29 növ ali bitki növü qeydə alınıb. Ekoloji qruplara görə göstərilən bitkilər hiqrofit, hidrofit, halofit, kserofit, psammofit və ruderal bitkilərə aiddir.

Qeyd etmək lazımdır ki, Azərbaycandan, o cümlədən Abşeron yarımadasından Avrasiyanın ən güclü quş uçuş yollarından biri (Şərqi Avropa və Qərbi Sibirdən Cənub-Şərqi və Cənub-Qərbi Afrikaya və əksinə) keçir. Bu isə quşların yolüstü istifadə etdikləri su hövzələrini çirklənmədən və məhv olmadan qorumağı tələb edir. Bununla yanaşı, Abşeron yarımadası quşların Volqa-Ural hövzəsi, Qərbi Sibir və Qazaxıstandan Şimal-Şərqi Afrikaya uçuş yolunda yerləşir. Adətən köçəri quşlar Azərbaycan ərazisinə, Abşeron göllərinə dekabr ayında gəlirlər. Qış mövsümündə (dekabr ayı) BDU alimləri tərəfindən Kürdəxanı və Binəqədi gölündə bir sıra müşahidələr aparılıb. Bu zaman əsasən quşların keyfiyyət və kəmiyyət göstəriciləri tədqiq edilib. Göldə İyrəncəkimilər, Cüllütkimilər, Göyərçinkimilər, Qızılquşkimilər, Qağayıkimilər, Qazkimilər, Durnakimilər, Sərçəkimilər dəstələrinə aid 32 növ quş qeydə alınıb. Qazkimilər dəstəsinə aid 325, Cüllütkimilərə aid 215, Sərçəkimilərə aid isə 220 fərd sayılıb. Bəzi növlər ölkə ərazisində oturaq həyat tərzi keçirir.

Kürdəxanı gölü bir sıra Abşeron gölləri ilə müqayisədə antropogen mənşəli çirklənməyə məruz qalmayıb, əhalinin quşlara neqativ təsiri qeydə alınmayıb.  Göldə qeydə alınmış quşlar arasında yuvalamaya, qışlamaya, yuvalama-qışlama, qidalanmaya gələn qruplar var. Bütün fəsillərdə eyni dəstələrin müşahidəsi göstərir ki, əlverişli şəraitlə yanaşı, bu ərazilər onların tarixi areallarının bir hissəsidir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024