BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və Bioekologiya kafedrasının dosenti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri, Ekoloji Təhsil Fondunun “Eco-Schools” və “Green Key” proqramları üzrə milli koordinatoru, Beynəlxalq Uşaq İqlim Platformasının təsisçisi Firuzə Sultan-zadə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda Respublika konfransının “Təhsilə ekoloji baxış” adlı II panelində spiker qismində iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyinin, Agentliyin struktur bölmə rəhbərləri, digər dövlət qurumlarının nümayəndələri və müəssisə rəhbərlərinin iştirak etdiyi konfransın məqsədi məktəbdənkənar təhsilin əhəmiyyətini vurğulamaq, bu sahədə mövcud və beynəlxalq çağırışları müzakirə etmək, onların həlli yollarını araşdırmaq, yerli təcrübələrin mübadiləsini təmin etmək və gələcək perspektivləri müəyyənləşdirmək olub.
Konfransın “Təhsilə ekoloji baxış” mövzusunda panel sessiyasında ekoloji təhsilin uşaqların və gənclərin dünyagörüşünə təsiri, ekoloji şüurun formalaşdırılması və ekoloji problemlərə həssas yanaşmanın təhsil vasitəsilə təşviqi müzakirə edilib. Panelin əsas müzakirə mövzularına ekoloji maarifləndirmənin məktəbdənkənar təhsil proqramlarında yeri, bu istiqamətdə həyata keçirilən layihələr və ekoloji problemlərin həllinə gənclərin cəlb edilməsi daxil olub.
BDU-nun Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva universitetlərin ekoloji təhsildə rolunun vacibliyi, gənclərin ekoloji biliklərlə yanaşı, praktiki vərdişlər əldə etməsi üçün tətbiq edilən strategiyalar barədə ətraflı məlumat verib. Azərbaycanda ekologiya sahəsində elmi tədqiqatların təhsilə inteqrasiyası, bu istiqamətdə BDU-nun rolu və töhfələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bioekologiya kafedrasının dosenti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri, Ekoloji Təhsil Fondunun “Eco-Schools” və “Green Key” proqramları üzrə milli koordinatoru, Beynəlxalq Uşaq İqlim Platformasının təsisçisi Firuzə Sultan-zadə isə məktəbdənkənar fəaliyyətlər, müxtəlif layihələr, proqramlar, ekskursiyalar vasitəsilə potensial bacarıqların aşkarlanması, istedadların üzə çıxarılması üçün geniş imkanların yaradılmasından, bunun uşaqlar arasında ekoloji vərdişlərə olan təsirindən bəhs edib.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, BDU ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında 2017-ci ildə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində indiyədək müxtəlif təcrübə proqramları, məlumatlandırıcı sessiyalar, vebinarlar və digər maarifləndirici tədbirlər keçirilib.
![](http://static.bsu.az/w1/1slayd/20 yeni/3 (3).png)