BDU alimləri Zığ gölünün ekoloji dəyərləndirilməsini aparır

11/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasında Abşeron yarımadasında yerləşən Zığ gölünün ekoloji vəziyyətini və ətraf mühitə təsirini öyrənmək üçün tədqiqat işi aparılır.

İlk dəfə olaraq Zığ gölünün ekoloji vəziyyəti, çirklənmə dərəcəsi, çirkləndiricilərin növləri, mənbələri və miqdarı araşdırılır.

Tədqiqat Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyevanın “Abşeron göllərinin ekoloji-kimyəvi göstəricilərinin tədqiqi və iqlim dəyişmələri fonunda onların dəyişmə dinamikasının proqnozlaşdırılması” mövzusunda dissertasiya işi (elmi rəhbər professor Sevinc Hacıyeva) əsasında aparılır. Zığ gölünün ərazisindən götürülmüş nümunələrin (göl suyu, dib çöküntüsü, çirkab suları, torpaq) fiziki-kimyəvi parametrləri, xüsusilə ağır metalların və üzvi çirkləndiricilərin yol verilən miqdarı ilə analiz nəticəsində əldə olunan miqdarı müqayisəli təhlil olunur.

Zığ gölü Abşeron yarımadasında neft sənayesi, kommunal təsərrüfat, inşaat tullantıları və çirkab suları ilə ifrat çirklənmiş 9 göldən biridir. Zığ  kəndində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir. Burada ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması ekoloji risklərin azaldılmasına, göl sahəsi və ətraf torpaqların bərpadan sonra ölkənin iqtisadi dövriyyəsinə qaytarılmasına imkan verəcək.

Tədqiqatın əsas məqsədi Zığ gölü və ətraf əraziləri ekoloji cəhətdən təhlükəsiz əraziyə çevirməkdir. Hazırda Zığ gölünün bərpası üzrə layihələndirmə işləri aparılır. Daha sonra gölün suyunun təmizlənməsinə başlanılacaq. Gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. Eyni zamanda yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görüləcək. Layihə üzrə ilkin mərhələdə 0,8 milyon kubmetr həcmində çöküntünün 10 min kubmetrdən çoxu təmizlənəcək. Gölün və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı alınmalıdır. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişiləcək.

Zığ gölü ərazisindən götürülmüş təbii su nümunələrində pH, elektrik keçiriciliyi, quru qalıq, həll olmuş oksigen və temperaturun təyini “Water Quality Meter” 850081 markalı cihazda aparılıb. Təyinat üçün istifadə olunan təbii su nümunələri asılqan maddələrdən təmizləmək məqsədilə filtr kağızından keçirilib.

Zığ gölündən götürülmüş nümunələrdə nitrit, ammonium(YVQH 0,4 mq/l)  və fosfat (YVQH 0,2 mq/l) ionlarının miqdarı yol verilən qatılıq həddini (YVQH) keçir. Həll olmuş oksigenin və nitrat ionlarının miqdarı YVQH-ni keçmir. Göldən götürülmüş su nümunələrində tapılan ağır metalların miqdarı YVQH-ni dəfələrlə keçir. Xüsusilə də Hg, Cd, Pb, Ni-in miqdarı YVQH-dən qat-qat çoxdur. Gölün suyu çox çirkli və təhlükəlidir, gölə axıdılan çirkab sularında naftalindən başqa digər PAK-ların miqdarı YVQH-ni keçir. Göldən götürülmüş dib çöküntülərində qeyri-üzvi maddələrin miqdarı YVQH-ni keçmir. Zığ gölündən götürülmüş dib çöküntülərində radiasiyanın miqdarı 14-23 mkr/h, ağır metalların miqdarı YVQH-dən qat-qat çox və təhlükəlidir. Zığ gölü ətrafından götürülən torpaq nümunələrində ağır metalların miqdarı YVQH-dən dəfələrlə çoxdur. Gölün suyunda krizen, benzapren, fenantren, asenaftalinin miqdarı YVQH-ni keçir. Gölün ətrafından götürülən torpaq nümunələrində krizenin, antrasenin və benzaprenin miqdarı YVQH-ni dəfələrlə keçir və təhlükəli ərazi sayılır. Zığ gölündən götürülən dib çöküntüsü nümunələrində də naftalinin, antrasenin, benzaprenin miqdarı YVQH-dən çoxdur.

Tədqiqatın nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq və Zığ gölü də daxil olmaqla digər Abşeron göllərinin təmizlənməsi və bərpasında istifadə ediləcək.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024