BDU alimlərinin bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi və maye kristallara nanozərrəciklərin təsirinin öyrənilməsi istiqamətində elmi araşdırmaları davam edir
Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsində bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi və maye kristallara nanozərrəciklərin təsirinin fiziki-kimyəvi xüsusiyyətlərinin araşdırılması istiqamətində aparılan elmi-tədqiqat işləri davam edir.
İnstitutun əməkdaşları tərəfindən DMZ- yarımempirik kvant kimyası, MM - molekulyar mexanika və PM3 - kvant kimyasının yarım empirik nəzəri metodlarından istifadə etməklə bioloji fəal molekulların quruluş-funksiya əlaqələri öyrənilmiş, molekullarin fəza quruluşları əsasında onların müəyyən funksiyalarını yerinə yetirə bilən süni analoqlarının sintezi üçün metod təklif edilmişdir.
Nəzəri konformasiya analizi üsulu ilə opioid peptidləri sinfinə aid olan β-kazomorfin–4, β-kazomorfin–5, β-kazomorfin –6, β-kazomorfin-7, β-kazomorfin -8 molekullarının, gliprolin peptidləri sinfinə daxil olan nonapeptid Leu-Pro-Pro-Gly-Po-Leu-Pro-Arg-Pro-NH2 molekulun fəza quruluşu tədqiq olunmuş, molekulların aşağı enerjili konformasiyaları yığımı, onların həndəsi parametrləri və onları stabilləşdirən qarşılıqlı təsir qüvvələri müəyyən edilmişdir. Taxikinin sinfinə mənsub olan sialokinin I və skiliorhitin I neyropeptid molekullarının fəza quruluşunun və konformasiya imkanlarının nəzəri modelləşdirmə üsulları ilə tədqiqi əsasında alınmış nəticələr sinir, immun, güclü vasodilatasiya, tənəffus iltihabı, əzələ kontraktiliyası, hypertensive action, xroniki ağrı, Parkinson, Alzheimer və s. kimi xəstəliklərin müalicəsində tətbiq oluna bilər.
İnstitutun əməkdaşları tərəfindən müxtəlif indikator və displeylərdə tətbiq edilə bilən maye kristal və polimer nanozərrəcikləri əsasında müxtəlif kompozitlər hazırlanmışdır. Müəyyən edilmişdir ki, maye kristala Al2O3 və ya digər əlavələr etdikdə tvist özəklər yaranır və sistem infraqırmızı şüalanmanın selektiv modulyasiyasında istifadə edilə bilər.
Müəyyənləşdirilmişdir ki, məsamələrinə nematik maye kristalın yeridilməsi ilə hazırlanmış məsaməli-Si+maye kristal sistemində lüminessensiyanın intensivliyini və spektrini idarə etmək mümkündür.