BDU “ANKOSlink 2022” beynəlxalq konfransında təmsil olunub
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova və kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova Anadolu Universitet Kitabxanaları Konsorsiumu (ANKOS) tərəfindən Türkiyənin Antalya şəhərində “İnformasiyanın əldə edilməsində bərabərsizlik və davamlılıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər. Konfransda yerli kitabxanalar BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) ilə təmsil olunub.
Dünyanın müxtəlif ölkəsindən 200-ə yaxın universitet və 60-dan çox şirkətin, 500-dən çox kitabxana və konsorsium rəhbərinin, kitabxana-informasiya mütəxəssislərinin qatıldığı konfransda elektron xidmətlər, açıq məlumat bazaları, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, elm və təhsil resursları, verilənlər bazasının idarəedilməsi, süni intellektin kitabxana işinə tətbiqi, beynəlxalq nəşriyyatlara abunəlik və s. kimi məsələlər müzakirə olunub.
Konfransda Az.KİK-ə üzv olan 10 kitabxananın rəhbər və əməkdaşlarından ibarət 15 nəfərlik nümayəndə heyəti ilə ANKOSlink-in təşkilatçıları, məşhur nəşriyyatların Türkiyə üzrə nümayəndələri arasında görüşlər keçirilib. Müxtəlif panellərdə EBSCO, İEEE, “Clarivate Analytics”, “Wiley”, “Wolters Kluwer”, “Gemini” nəşriyyatlarının təmsilçilərinin birgə fəaliyyət məqsədilə təqdimatları dinlənilib.
Konfransın son günü Elmi Kitabxananın direktoru Nigar İsmayılova və Az.KİK-in rəhbəri Cəmilə Yusifova “Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun inkişafı” adlı məruzə ilə çıxış ediblər. Məruzədə Az.KİK-in 2022-ci ildəki fəaliyyəti, EİFL.net, İFLA, ANKOS və s. beynəlxalq təşkilatlarla əməkdaşlıq, EBSCO, İEEE, “Sage” və bir çox beynəlxalq nəşriyyatların elektron resurslarından istifadə, ölkədaxili akademik kitabxanalar üçün vebinarların təşkili haqqında məlumat verilib.
Sonda məruzəçilər konfransın təşkilatçıları tərəfindən plaketlə təltif olunublar.