BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
Bakı Dövlət Universitetinin (BDU) komandası Elm və Təhsil Nazirliyi, “3 sual” intellektual oyunlar platforması və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Breyn-Rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub.
İyunun 27-də keçirilən çempionatda ölkənin 25 ali təhsil müəssisəsini təmsil edən komandalar bilik və sürətlərini sınayaraq qalibiyyət uğrunda mübarizə aparıblar.
Turnirin seçim mərhələsində bütün rəqiblərini geridə qoyan BDU komandası mərhələni lider kimi başa vurub. A qrupunda Azərbaycan Dillər Universiteti və Xəzər Universiteti komandalarına qalib gələn universitet təmsilçiləri pley-off mərhələsinə yüksəlib.
Komanda 1/4 finalda Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC), yarımfinalda isə Azərbaycan Tibb Universitetini məğlub edərək finala vəsiqə qazanıb. Final qarşılaşmasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası ilə əsas oyunlar 2:2 hesablı heç-heçə ilə başa çatıb. Həlledici əlavə sualda düzgün cavab verən BDU komandası “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub.
Qalib komandanın heyətində Tarix fakültəsinin tələbələri Vüsal Qaflanov, Cavidan Xankişiyev, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri İbrahim Fərhadzadə, Rəvan Fərzəliyev, Hüquq fakültəsinin tələbələri Camal Əzimov və Yusif İsmayılov yer alıblar.



