BDU və “BP Eksploreyşn (Kaspian Si) Limited” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

18/02/2026

Bakı Dövlət Universiteti və “BP Eksploreyşn (Kaspian Si) Limited” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sazişin imzalanmasında əsas məqsəd Universitet ekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasına dəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçün şəraitin yaradılmasıdır.

Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, bp ilə əməkdaşlıq universitet-sənaye əməkdaşlığının ən gözəl nümunəsi hesab edilə bilər. O, bp şirkətinin fəaliyyət göstərdiyi regionlarda uğurlu iqtisadi, biznes layihələri ilə yanaşı, sosial sahəyə yönəlmiş fəaliyyəti ilə daim seçildiyini qeyd edib. Bildirib ki, təkcə son beş ildə BDU-da bp-nin dəstəyi ilə artıq üçüncü layihə icra olunmaqdadır. 2021-ci ildə BDU-nun Nəşr Evi "bp Azerbaijan" şirkətinin dəstəyi ilə yenidən qurulub. Ötən il BDU-nun Faydalı qazıntılar muzeyi bp və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmir olunaraq rəqəmsallaşdırılıb. Bu gün açılışı olan layihə - BDU Elmi Kitabxanasının elektron bölməsinin yenidənqurulmadan sonra istifadəyə verilməsi də BDU-da təhsilin və elmin inkişafı üçün atılmış mühüm addımdır. Yeni rəqəmsal kitabxana tələbələr və müəllim heyəti üçün geniş bilik bazasına məsafədən və birbaşa çıxış imkanı yaratmaqla BDU-da təhsil prosesini əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək. Həmçinin istifadəçilərə beynəlxalq elmi bazalara giriş imkanı verəcək. Rektor BDU-nun inkişafına verdiyi töhfələrə görə bp şirkətinə təşəkkür edib: “bp ilə birgə yeni uğurlu layihələrin olacağına əminik. Ölkədə kadr hazırlığına, elmin inkişafı və tədrisin zənginləşməsinə birlikdə töhfə verəcəyik”.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli BDU-nun müasir, rəqəmsal imkanlarla təchiz olunmuş kitabxana sisteminə keçidini dəstəkləməkdən qürur duyduqlarını bildirib. O qeyd edib ki, biliklərə çıxış uğurlu təhsil prosesinin əsasını təşkil edir və bu layihə tələbələr, müəllimlər və tədqiqatçılar üçün öyrənmə, innovasiya və əməkdaşlıq baxımından yeni geniş platforma təmin edir: “Hesab edirik ki, bu təşəbbüs tələbələrə fayda verməklə yanaşı, Universitetin əvəzolunmaz bilik fondunun gələcək nəsillər üçün qorunub saxlanılmasına da töhfə verir. BDU-nun mövcud kitabxanasında təxminən 2,5 milyon nadir kitab, əlyazma və tarixi sənədlər saxlanılır. Yeni sistem müasir rəqəmsal arxivləşdirmə və inventar idarəetməsi təcrübələrini tətbiq etməklə bu dəyərli kitabxana fondunun qorunması və saxlanmasının təkmilləşdirilməsinə kömək edəcək. Bu, bp-nin Azərbaycanda ali təhsilin və elmi tədqiqatların keyfiyyətinin artırılmasına verdiyi dəstəyi əks etdirir”.

 

Xəbərlər

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı
20/03/2026

Təbiətin oyanış və birlik bayramı - Novruz

Təbiətin oyanış və birlik bayramı - Novruz
20/03/2026

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib
19/03/2026