BDU Elmi Şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası

12/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş genişləndirilmiş xüsusi iclası keçirilib.
Elmi Şura üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, qədirbilən xalqımız onu ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzmi və iradəsi, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə və tərəqqiyə qovuşdurmuş Ulu Öndər Heydər Əliyevi dərin minnətdarlıq hissi, böyük sevgi və ehtiramla yad edir. Xalqımızın və dövlətimizin ötən əsrin 70-ci illərindən başlayaraq əldə etdiyi bütün uğurların təməlində fenomenal şəxsiyyət olan Heydər Əliyevin dövlət siyasəti, nurlu əməlləri və parlaq siması dayanır. Həyatının əsas məqsədi, başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına həsr edib, dövlətimizin möhkəmlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı şərəflə və uğurla, mərdlik və müdrikliklə yerinə yetirib.  1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev 5 il ərzində SSRİ-nin ilk və yeganə müsəlman əsilli rəhbərlərindən biri olub. Ulu Öndər bu illər ərzində də tutduğu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəldib.
Rektor qeyd edib ki, ölkəmiz üçün olduqca çətin və mürəkkəb, xalqımız üçün ağrılı olan 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılıb. İqtisadiyyatına milyardlarla dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul dəfələrlə artdı, ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yüksək mərhələyə qədəm qoydu. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndərin xalqımıza ən böyük töhfəsi isə heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində 30 illik işğal bitdi, ən azı iki yüz illik problem tarixin arxivinə çökmüş oldu.
Elçin Babayev Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “xalqımızın və dövlətimizin milli sərvəti və milli iftixarı” adlandırdığı BDU-nun kollektivinin Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad etdiyini bildirib: “Fəxr edirik ki, 104 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmiş və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah dövrünə qədəm qoymuş BDU-nun inkişafının son 20 ildəki yeni mərhələsi dahi şəxsiyyətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, bilikli insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri uğurla həyata keçirir”.
Daha sonra BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasındakı xilaskarlıq missiyasını nəzərə çatdırıblar. Çıxışlarda dahi liderin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.
İclasın sonunda BDU əməkdaşları və tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqalə və esse müsabiqələrinin nəticələri açıqlanıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024