BDU Elmi Şurasının onlayn iclası keçirilib

23/05/2020

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının onlayn iclası keçirilib.

Elmi Şura üzvlərini salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Karantin müddətində BDU-da keçirilmiş sosial-humanitar tədbirlərə diqqət çəkən rektor bildirib ki, koronavirus (COVİD-19) pandemiyası bütün dünyanı iflic etsə də, dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımları, görülən qabaqlayıcı tədbirlər sayəsində Azərbaycanda infeksiyanın yarada biləcəyi fəsadlar minimuma endirilib.

Pandemiya dövründə Universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işləri və distant təhsilin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan E.Babayev tələbələrin böyük əksəriyyətinin bu dərslərdə iştirak etdiyini bildirərək yaz imtahan sessiyasının təşkili məsələlərinə toxunub. Aztəminatlı ailələrin övladlarının təhsilhaqlarının ödənilməsini dövlətin öz üzərinə götürməsi kimi önəmli addıma diqqət çəkən rektor tədrisin vəziyyəti, semestr imtahanlarının keçirilmə qaydası, buraxılış işlərinin verilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə digər vacib məsələlərdən danışıb.

Rektor Elçin Babayev universitetin proefossor-müəllim heyətini qarşıdan gələn Ramazan bayramı və 28 May - Respublika Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov BDU-nun elmi hesabatını təqdim edərək BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılması, elmi fəaliyyətin təşkili, keçirilən elmi konfranslar, Universitet əməkdaşlarının elmi jurnallarda dərc olunma fəallığı, yeni nəşrlər və s. barəsində ətraflı məlumat verib.

Elmi Şuranın iclasında tədrisin vəziyyəti, yaz imtahan sessiyasının təşkili və bu istiqamətdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Çıxışlarda BDU-nun mövcud infrastukturunun hazırkı duruma adekvat olaraq onlayn imtahanların keçirilməsinə imkan verdiyi vurğulanıb. Azərbaycan Respublikasında “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mövcud şəraitdə Universitetdə yaz imtahan sessiyasının təşkili ilə bağlı Elmi Şura bir sıra vacib məsələləri müzakirə edərək, “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarını, bununla əlaqədar Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən ali təhsil müəssisələrinin rəhbərlərinə göndərilmiş 2020-ci il 20 may tarixli 01-11-522/15 nömrəli məktubunu və  aparılmış müzakirələri nəzərə alaraq yaz imtahan sessiyasının təşkili barədə aşağıdakı qərarları qəbul edib:

1. Bakalavriat   səviyyəsində   tədris   planının   bütün   şərtlərini   yerinə   yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə   keçmiş   və   yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş tələbələr (bu şərtləri ödəyən kontingentdə saxlanılmış və bərpa olunmuş tələbələr də daxil olmaqla) təhsil müddətində əldə etdikləri nəticələr (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi - ÜÖMG) nəzərə alınaraq yekun attestasiyadan keçmiş hesab edilsinlər. Yekun dövlət attestasiyasının bu qaydada müəyyən edilən nəticələri ilə razılaşmayan tələbələr üçün cari ilin iyun ayının 30-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ixtisas üzrə ənənəvi formada buraxılış yekun dövlət imtahanı (fənlərarası) təşkil edilsin.

2. Yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş tələbələr üçün yekun attestasiya buraxılış işinin onlayn müdafiəsi formasında həyata keçirilsin. Bu halda buraxılış işinin məzmunu, yazılması mövcud əsasnamələrə uyğun olmalı və tələbə buraxılış işini çap olunmuş və elektron formada Universitetin müvafiq kafedrasına birbaşa çatdırmaqla və ya poçt vasitəsilə təqdim etməlidir. Tələbə müraciət etdiyi təqdirdə buraxılış işini müdafiə etmədən ÜÖMG nəzərə alınaraq yekun attestasiyadan keçmiş hesab edilsin.

3. Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilsin. Bu halda magistrlik dissertasiyasının məzmunu, yazılması mövcud əsasnamələrə uyğun olmalı və magistrant  magistrlik dissertasiyasını çap olunmuş və elektron formada Universitetin müvafiq kafedrasına birbaşa çatdırmaqla və ya poçt vasitəsilə təqdim etməlidir. Bu və ya digər səbəbdən onlayn müdafiədə iştirak  edə  bilməyən magistrantlar üçün magistrlik dissertasiyasının müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada təşkil edilsin. Bütün hallarda kafedralar və dekanlıqlar magistrlik dissertasiyalarının tələb olunan rəylərlə birlikdə müvafiq ixtisaslaşdırılmış şuralara təqdim olunmasını təmin etsinlər.

4. Fakültə Elmi şuralarının vəsatətləri nəzərə alınsın və müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş təcrübələr 100 balla qiymətləndirilsin.

5. Bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar üçün yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada təşkil edilsin.

6. Fakültə Elmi şuralarının vəsatətləri nəzərə alınsın və hər bir fənn üzrə bütün tələbələrin cari qiymətləndirilməsi 50 bal olaraq  müəyyən edilsin.

7. Fakültə Elmi şuralarının vəsatətləri nəzərə alınsın və hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək müvafiq qaydada azaldılsın və sadələşdirilsin.

8. İmtahan biletləri fənn müəllimləri tərəfindən tərtib edilsin və kafedra müdiri tərəfindən elektron vasitələrin köməyi ilə və ya ənənəvi qaydada təsdiq edilsin.

9. İmtahanlar video yazılış aparılmaqla kafedra müdiri, fənn müəllimi və kafedranın əlavə bir əməkdaşının iştirakı ilə onlayn olaraq keçirilsin. Nəticələr imtahanın gedişində tələbələrə elan edilsin.

10. İmtahanlar tərtib olunmuş cədvəllərə uyğun olaraq iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00 aralıqlarında; istirahət və bayram günləri istisna olunmaqla) keçirilsin. İmtahanın nəticələri həmin gün təsdiq üçün müvafiq qaydalara uyğun olaraq aidiyyatı üzrə Tədrisin təşkili və idarə olunması Mərkəzinə və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə təhvil verilsin.

11. Tələbələrin istəyi və müraciətləri olduğu halda  (müraciətlər cari ilin iyul ayının 5-nə qədər qəbul olunmaqla) cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) icmal mühazirələr də (ödənişsiz əsaslarla) təşkil olunsun.

12. 1, 2, 3 və 5-ci bəndlərdə göstərilən şəkildə təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış, o cümlədən fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak etmək istəyən bakalavriat və magistratura səviyyələrində təhsil alanlar üçün növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil edilsin. Bu halda təkrar imtahanlar üçün ödəniş tələb olunmasın.

13. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilsin. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələr də növbəti təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilsin.

14. İmtahan sessiyası dövründə tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası yaradılsın. Komissiyaya müraciətlər onlayn formada həyata keçirilsin.

15. Bu Qərar qiyabi və əlavə təhsil formalarında təhsilalanlara da şamil edilir.

16. 2-6-cı bəndlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra qüvvəyə minmiş hesab edilsin.

17. Bu Qərar 2020-ci il 1 oktyabr tarixinədək qüvvədədir.

Sonda müzakirə olunan məsələlərlə əlaqədar işlərin qısa müddətdə icrası üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024