BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası
Bakı Dövlət Universitetinin (BDU) yeni tədris ilində ilk iclası keçirilib.
İclasda 2025/2026-cı tədris ilinin payız semestrinin təşkili, BDU-da ali təhsilin bakalavriat və magistratura səviyyələrinə və əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə qəbulun nəticələri müzakirə olunub.
Diqqətə çatdırılıb ki, BDU yeni tədris ilinə bir sıra yeniliklərlə başlayır. Belə ki, bu tədris ilindən bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək. Bu ildən BDU-da Süni intellekt etikası kafedrası fəaliyyətə başlayır. Magistratura səviyyəsi üzrə dövlət təhsil proqramlarının yenilənməsi həyata keçirilib, bu tədris ilindən magistaturaya qəbul olunan tələbələr həmin proqramlar əsasında təhsil alacaqlar.
Qeyd edilib ki, bakalavriat səviyyəsi üzrə BDU-ya qəbul olunan 5302 nəfər qeydiyyatdan keçib. Magistratura səviyyəsi üzrə 1166 nəfər BDU-ya qəbul olunub. Bakalavriat səviyyəsinə qəbul olanların 72, magistratura səviyyəsinə qəbul olanların isə 73 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Daha sonra cari məsələlərə baxılıb.