BDU ilə Halle-Vittenberq Universiteti arasında əlaqələr genişlənir
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev 02 mart-03aprel 2020-ci il tarixlərində Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetində elmi ezamiyyətdə olacaq.
BDU-nun Hüquq fakültəsinin ikili diplom proqramları sistemində Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti ilə əməkdaşlıq əlaqələri xüsusi yer tutur. BDU ilə Halle-Vittenberq Universitetinin birgə reallaşdırdığı “İqtisadi və biznes hüququ sahəsində elmi infrastrukturun inkişafı” layihəsi çərçivəsində Halle-Vittenberq Universitetinin Keçid Hüququ Araşdırmalar Mərkəzi, İqtisadi Hüquq İnstitutu və Beynəlxalq Məzun Akademiyası ilə birgə doktorantura pilləsinin təşkil olunması, həmin Universitetin professoru azərbaycanlı alim, BDU-nun məzunu Azər Əliyevin və layihənin doktorantlarının BDU-da tədris prosesinə cəlb olunması, həmçinin hüquq sahəsində tədris proqramlarının və sillabusların təkmilləşdirilməsi sahəsində işlərin aparılması nəzərdə tutulub. Birgə fəaliyyətin innovativliyini və hüquq elminin inkişafı üçün vacib töhvə verəcəyini nəzərə alaraq Folksvaqen Elm Fondu tərəfindən layihə üçün qrant ayrılıb.
Professor Əmir Əliyev ikili diplom proqramı üzrə təhsil alan doktorant Turxan İsmayılzadənin “Süni intellekt tərəfindən bağlanan müqavilələrdə əhəmiyyətli yanılmanın müxtəlif hüquq sistemlərində tənzimlənməsi” adlı dissertasiya işi üzrə Bakı Dövlət Universiteti tərəfindən elmi rəhbər təyin edilib.
Bundan başqa, layihənin uğurlu davamı məqsədilə Hüquq fakültəsində “Müqayisəli hüquq araşdırmalar mərkəzi”nin yaradılması da nəzərdə tutulub. Mərkəzin müvafiq kitab və avadanlıqlarla təchizi Halle-Vittenberq Universiteti tərəfindən həyata keçiriləcək.