BDU ilə Slovakiyanın Sladkoviçovo Ali Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Slovakiya Parlamentinin Elm vəTəhsil Komitəsinin sədri, Sladkoviçovo Ali Məktəbinin rektoru professor Moymir Mamoykanı, Sladkoviçovo Ali Məktəbinin Elm və Xarici Əlaqələr üzrə prorektoru professor Miroslav Danişi, Azərbaycanın Slovakiyadakı Fəxri Konsulu, Sladkoviçovo Ali Məktəbinin İdarə Heyətinin sədri professor Cəlal Qasımovu və Slovakiya səfirliyinin əməkdaşı Dominika Fifikovanı qəbul edib.
Rektor BDU-nun yaranma və inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrdən danışıb, Slovakiyanın Sladkoviçovo Universitetilə də elm və təhsil sahəsində münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Təmsil etdiyi universitet barədə məlumat verən professor Moymir Mamoykada öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Daha sonra universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmiaraşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər əks olunub. Bundan başqa birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak da nəzərdə tutulub.
Sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzlərində olublar. Qonaqlar Univiresitetdən xoş təəssüratla ayrılıblar.
BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2013-cü il.