BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

11/01/2021

BAKI DÖVLƏT UNİVERSİTETİ

2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş

“İlin gənc alimi”

nominasiyası üzrə müsabiqə elan edir

2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi Bakı Dövlət Universitetinin (BDU) yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Müsabiqə qaliblərinin mükafatlandırılması:

Müsabiqə üzrə qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, BDU-nun döş nişanı, diplom və pul mükafatları ilə təltif edilirlər:

  • Təbiət və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);
  • Humanitar və ictimai elmlər üzrə 1 mükafat (2 000 manat).

 

Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarları:

Müsabiqəyə təqdim olunan iddia sənədləri aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcəkdir:

  1. 2020-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən:
  • təbiət və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə Web of Science və ya Scopus;
  • humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu

beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır (əsli və/və ya surəti, PDF formatda, DOİ və internet linki göstərilməklə müsabiqəyə təqdim olunmalıdır);

1.1. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunan məqalələrin qiymətləndirilməsi:

  • Web of Science bazasına daxil olan:

-  Q1 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 50 bal;

-  Q2 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 40 bal;

-  Q3 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 30 bal;

-  Q4 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 20 bal;

  • Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO və ya EconLit bazalarına daxil olan jurnallarda – məqalə sayı × 20 bal;

1.2. digər jurnallarda – məqalə sayından asılı olmayaraq ümumilikdə 20 bal;

2. 2020-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar, icmallar (əsli və/ və ya surəti, PDF formatda) – sayı × 30 bal;
3. 2020-cı ildə alınmış ixtiralar, patentlər (surəti) – sayı × 20 bal;
4. Elmi işlərə 2020-ci ildə olunan istinadlar (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla) – sayı × 10 bal (H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə));
5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla) – sayı × 10 bal;
6. Respublika və beynəlxalq konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə) – sayı × 5 bal;
7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2020-ci ildə, konkret göstərilməklə) – sayı × 25 bal;
8. Tədris fəaliyyəti (2020-cı ildə, konkret göstərilməklə) – 20 bal;
9. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən, online olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərdə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə) – sayı × 5 bal;
10. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə) – sayı × 5 bal;

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2021-ci il 11 yanvar tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2021-ci il 25 yanvar saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) elm-innovasiyalar@bsu.edu.az ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində mükafatlandırılmış işlər bu müsabiqəyə təqdim edilə bilməz.

6.  Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

 

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 538 60 63

E-mail: elm-innovasiyalar@bsu.edu.az

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024