BDU əməkdaşları KOBİA-nın keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibidirlər

09/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin mühəndisi Reyhan Mirsultanova, Fizika fakültəsinin Fiziki elektronika kafedrasının baş müəlimi Şirxan Hümbətov və Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs doktorantı Məhəmməd Bağır Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi 6-cı qrant müsabiqəsinin qalibi olublar.

Reyhan Mirsultanovanın “Irrigo (Dayanıqlı Kənd Təsərrüfatı Ekosistemi)” layihəsinin əsas məqsədi kənd təsərrüfatında suvarma suyu kimi istifadə olunan şirin su miqdarını minimuma endirmək, istifadəyə yararsız olan tullantı sularının üzvi çirkləndiricilər, duzlar, ağır metallardan təmizlənməsini, suvarma suyu kimi istifadəsini və sistemdə dövri təmizlənmə hərəkətini təmin edən bir ekosistem yaratmaqdır. Layihə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qarşıya qoyulan hədəflər nəzərə alınaraq hazırlanıb.

Şirxan Hümbətovun “Perovskit-maye kristal hibrid strukturlarla səmərəliliyi artırılmış günəş elementlərinin hazırlanması” adlı layihəsi perovskitlərin üstün fotovoltaik xüsusiyyətlərini maye kristalların tənzimlənən xassələri ilə birləşdirən innovativ günəş elementləri texnologiyalarının inkişafına yönəlib. Bu hibrid yanaşma günəş batareyalarının səmərəliliyini və dayanıqlılığını əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşımaqla  bərabər, daha sərfəli bərpa olunan enerji həllərinə yol açır. Xüsusi ölçüyə malik BaTiO3 nanohissəcikləri spontan qütbləşmə nümayiş etdirir. Xüsusi metodologiya ilə BaTiO3 nanohissəciklərini matrisdə disspersiya edərək, yük daşıyıcılarının rekombinasiyasını azaltmaq və bununla da günəş elementlərinin ümumi səmərəliliyini artırmaq planlaşdırılır. BaTiO3 hissəcikləri ətrafında polyarlaşmış daxili elektrik sahələrini yaratmağa kömək edir ki, bu da yük daşıyıcılarını elektrodlara daha effektiv şəkildə yönəldir və onların materiala qayıtmasının qarşısını alır.

Məhəmməd Bağır Bağırovun “Effektiv enerji saxlama qabiliyyətinə malik GO/PANİ (qrafen oksid/polianilin) əsaslı supertutum batareyalarının hazırlanması” layihəsi isə yüksək elektrik tutumu, ekoloji uyğunluğu və davamlılığı ilə seçilən PANİ/GO əsaslı supertutum batareyalarının hazırlanmasını hədəfləyir. Layihənin əsas məqsədi yüksək elektrik tutumuna malik, ekoloji cəhətdən təmiz, davamlı və istifadəsi geniş olan PANİ/GO əsaslı supertutum batareyalarının hazırlanmasıdır. İcra prosesində PANİ/GO kompozitinin sintezi, bu kompozit əsasında elektrodların və supertutum batareyalarının hazırlanması nəzərdə tutulur.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024