BDU əməkdaşları Qafqazda geoparkların yaradılması ilə bağlı İşçi qrupun tərkibinə daxil ediliblər
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin əməkdaş və tələbələrindən ibarət nümayəndə heyəti Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsinin (CENN) Şabran rayonunda təşkil etdiyi "Qafqaz geoparkları şəbəkəsi: Azərbaycanda geoparkların yaradılması imkanları" proqramının ikinci koordinasiya tədbirində iştirak ediblər.
Tədbirdə CENN-in nümayəndəsi Vaxtanq Koçaradze və layihənin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri Rövşən Abbasov, çoxsaylı beynəlxalq və yerli ekspertlər iştirak ediblər. BDU-nun Ekologiya və torpaqşünaslıq fakultəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva, Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Coğrafiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının baş müəllimi Vüqar Dərgahov, tyutor İsmayıl Rəhimli, doktorant Tamerlan Mehdiyev və magistrant İmran Bayramov koordinasiya iclasının müzakirələrinə qatılıblar.
Müzakirə zamanı geoparkların təşkilinin turizm baxımından effektivliyi və səmərəli idarəetmə metodları barədə çıxış edən Vüqar Dərgahov Cənubi Qafqazda və bilavasitə Azərbaycan Respublikasında geoparkların yaradılmasının sosial-iqtisadi aspektləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O bildirib ki, geoparkların təşkili geoloji-geomorfoloji irsin mühafizəsi ilə yanaşı, yerli icmaların dayanıqlı inkişafı və turizm sahəsində məşğulluğun artırılmasında mühüm rol oynayır. Vüqar Dərgahov Azərbaycanda geoparkların təşkilində müvafiq potensiala malik ərazilərin turizm baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, geoparkların vahid destinasiya kimi inkişafı, brendinqi və beynəlxalq səviyyədə tanıdılması ölkəmizin geoloji irsinin təbliğində və turizm sektorunun inkişafında yeni mərhələ olacaq.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakultəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva Abşeron göllərinin müasir ekoloji vəziyyəti, problemləri, ekoloji-kimyəvi tədqiqi, kafedranın elmi istiqamətinə uyğun olaraq, Qobustan və Azərbaycanın digər bölgələrində olan palçıq vulkanları, onların ekokimyəvi tədqiqi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Tədbir dövlət, özəl, sənaye və təhsil sahələrindən olan mütəxəssislərin iştirakı ilə müzakirələrdə davam etdirilib, geoparkların təşkili ilə bağlı İşçi qrupun yaradılmasına dair qərar qəbul olunub. Komissiyanın qərarı ilə Vüqar Dərgahov və Təranə Əliyeva İşçi qrupun tərkibinə daxil ediliblər.