BDU əməkdaşları İtaliyada konfransda nanokompozitlərin xassələrinə dair məruzə ediblər

08/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Mustafa Muradov və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda professor Stefano Belluccinin rəhbərliyi ilə ənənəvi təşkil olunan “Nanoscience and Nanotechnology 2023” konfransında məruzə ediblər.

Mustafa Muradovun məruzəsi “Termik tablama və qamma radiasiyanın GO/PVS əsasında nanokompozitlərin struktur və optic xassələrinə təsiri” (“Influence of thermal annealing and gamma irradiation on structure and optical properties of GO/PVA nanocomposites”) mövzusuna həsr olunub. Məruzədə termik tablama zamanı temperaturdan asılı olaraq diffuziya proseslərinin qrafen oksidinin polimerdə paylanmasına, qamma şüaların nanokompozitlərin struktur və optik xassələrinə təsirindən danışılıb. Qamma şüaların təsiri ilə kompozitlərin kimyəvi tərkibi və optik xassələrinin dəyişdirilməsinin mümkünlüyü vurğulanıb.

Lalə Qəhrəmanlı isə “Fotokatalitik boya deqradasiyası üçün yeni Ag-Ag2S-CdS nanokatalizatorlarının istifadəsi” (“Utilization of novel Ag-Ag2S-CdS nanocatalysts for photocatalytic dye degradation”) mövzusunda dəvət olunmuş məruzəçi (invited speaker) kimi çıxış edib. Çıxışda yeni növ funksional Ag-Ag2S-CdS hibrid nanokatalizatorlarının xassələrinin öyrənilməsi ilə yanaşı, onların boyaq maddələrinin fotodeqradasiya prosesində effektivliyi haqqında məlumat verilib. Lalə Qəhrəmanlı konfransda yerli təşkilat komitəsinin üzvü olmaqla yanaşı, sessiyalarda sədr olaraq da fəaliyyət göstərib.

Konfransda aparılan müzakirələr nəticəsində elmi tədqiqat və təhsil sahələrində birgə layihələrin hazırlanması haqqında razılığa gəlinib.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026