BDU Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi qeyd edildi

01/05/2015

Bu gün BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi və şöbə tərəfdən hazırlanaraq 3 dildə çap olunmuş «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitablarının təqdimat mərasiminə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan universitetin rekoru, akademik Abel Məhərrəmov 2000-ci ilin may ayından fəaliyyətə başlayan şöbənin işindən, bu illər ərzində əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərindən bəhs edib, universitetin 95, şöbənin isə 15 illik yubileyinə həsr olunmuş «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitabından danışıb. Bildirib ki, kitab universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb. Topluda  ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirlər barədə məlumatlar, “BDU-nun Fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında informasiyalar, eləcə də universitetin yerli və beynəlxalq həyatı ilə bağlı  materiallar xronoloji ardıcıllıqla öz əksini tapıb.

Sonra Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “15 illik şərəfli yol” adlı təqdimatla çıxış edib. P.İbrahmiova Mətbuat və informasiya şöbəsinin fəaliyyət istiqamətlərindən, əməkdaşlıq etdikləri media qurumları ilə münasbətlərdən, Facebook, Twitter  və Youtube kanalındakı fəaliyyətlərindən, universitetin, fakültə, sturktur, mərkəz və şöbənin saytlarından, onların idarə olunması xüsusiyyətlərindən, şöbə tərəfindən 3 dildə hazılanmış «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitablarından, keçirdikləri müxtəlif səpgili tədbirlər və müsabiqələrdən və hər ilin sonunda aparıqları mətbu monitorinqlərdən danışıb. Bildirib ki, 15 illik monitorinqdən bu qənaətə gəlinib ki, kütləvi informasiya vasitələri ötən müddət ərzində Bakı Dövlət Universitetinin həyatında baş verən hadisələri, ictimai maraq kəsb edən hər bir faktı diqqət mərkəzində saxlayıb, bu hadisə və faktların oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırılmasına xüsusi səy göstərib. Bu materialların bolluğu və peşəkarlıqla hazırlanması belə bir fikir deməyə əsas verir ki, Bakı Dövlət Universitetinin həyatı xalqa, millətə, dövlətə zamana bağlılığı ilə medianın diqqətini çəkməkdə davam edir. Onu da bildirib ki, Media Consalting and Service şirkətinin araş­dırmasına görə BDU 2014-cü il ərzində xəbər yayımına görə liderliyini qoruyub, şöbə Təhsil Na­zir­liyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin aktiv fəaliyyət göstərən ali təhsil mü­əssisələrinin informasiya mübadiləsi baxımından ferval və mart ayı üzrə qalibi olub. P.İbrahimova sonda 15 il ərzində fəaliyyətlərini diqqətdə saxlayan KİV rəhbərlərinə və jur­na­listlərə, o cümlədən KİV ilə münasibətlərin daha da möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə rektor Abel Məhər­rəmova «Mətbuat və informasiya şöbəsinin fəxri üzvü» xatirə mükafatını təqdim edib.

Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev universitet-mətbuat münasibətlərindən, şöbənin uğurlu fəaliyyətindən danışıb və təqdim olunan kitabla bağlı maraqlı fikirlər səsləndirib.

Şöbənin media ilə əlaqələrini yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov «İctimaiyyətlə əlaqələrin qurulmasındakı səmərəli fəaliyyətə görə və 15 illik yubileyi münasibətilə» Mətbuat Şurasının diplomunu BDU Mətbuat və informasiya şöbəsinin müdirinə təqdim edib.

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, BDU-nun mətbuat və informasiya şöbəsi son bir il ərzində nazirliyin 3 müxtəlif təltifinə layiq görülüb. Onun sözlərinə görə, universitetin mətbuat xidməti bu gün ali məktəblər içərisində öz fəaliyyəti və operativliyi ilə seçilir, fərqlənir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün informasiya, məlumatın əldə edilməsinin cəmiyyətin mühüm hissələrdən biri olduğunu hesab edib. Onun sözlərinə görə, hər bir müəssisənin mətbuatla işləyən şöbələri işini düzgün quranda həm jurnalistlərin işi rahat olur, həm də  ictimaiyyətə dolğun, düzgün məlumatlar çatdırılır.

BDU-nun professoru, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli də informasiya xidmətinin işindən danışıb. O bildirib ki, şöbənin media ilə uğurlu əməkdaşlığının bir səbəbi də medianın Universitetə həmişə xüsusi diqqət və qayğı ilə yanaşmasıdır: "Azərbaycan mətbuatının Universitetə yanaşmasında həmişə xüsusilik, hörmət və ehtiram hiss olunub".

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı isə bildirib ki, Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsi dövlət qurumları ilə media arasında nümunəvi əməkdaşlıq nümayiş etdirənlərdəndir. Onun sözlərinə görə, BDU-nun fəaliyyəti həm də onunla seçilir ki, bütün müsbət işlərlə yanaşı, tənqidi yazılara və mənfi yüklü xəbərlərə də anlayışla yanaşılır, dərhal operativ və rəsmi mövqe nümayiş etdirilir. Hər bir mətbuat xidməti fəaliyyəti dövründə yaxşı işini təqdim etməyə çalışır. Lakin tənqidi məqam olanda onunla bağlı qarşı tərəfin mövqeyi olmadıqda mətbuatın işi də çətinləşir və düzgün olmayan məlumatlar yer alır. Ancaq Bakı Dövlət Universiteti bütün məqamlarda öz mövqeyini nümayiş etdirir və düzgün məlumatın mediada yayımlanmasına səy göstərir. Burda xüsusilə qeyd etmək istəyirəm ki, hər bir müəssisənin, təşkilatın mətbuat xidmətinin media ilə işi onun rəhbərinin mətbuata olan münasibətindən asılıdır. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da hər zaman mətbuata açıq olub,  onun mediaya münasibətdə həmişə hörmətli, ziyalı mövqe nümayiş etdirib. Bu münasibət də BDU-nun Mətbuat və İnformasiya şöbəsinin işində özünü göstərib”.

Sonra rəhbərlik etdiyi Kütləvi İnformasiya Vasitəsində Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımlandığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə bir neçə KİV rəhbəri “BDU-ya informasiya dəstəyi” və «Universitetin dostu» mükafatları ilə ilə təltif ediliblər.  Təltif olunanlar arasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov,  Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov və başqaları olub.

Bir qrup jurnalist isə fəaliyyət göstərdikləri Kütləvi İnformasiya Vasitələrində Bakı Dövlət Universiteti haqqında dolğun, obyektiv və davamlı yazılarına görə mükafata layiq görülüblər.

Mətbuat və informasiya şöbəsi 01 may 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024