BDU Pakistanın Lahor Universiteti ilə əməkdaşlığa başladı

01/09/2021

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın ən böyük universitətlərindən biri olan Lahor Universiteti arasında tələbə və müəllim mübadiləsi, tədris prosesinin təşkili və elmi araşdırmalar sahəsində əməkdaşlıq, ikili diplom proqramının yaradılmasına dair müzakirələr aparılıb və Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Memorandumun məqsədi tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı yüksək səviyyədə təmin etməkdir.

Onlayn keçirilən tədbirdə BDU-nun rektoru Elçin Babayev, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Lahor Universitetinin İdarə Heyətinin sədri Üveys Rauf, Lahor Universitetinin rektoru Məhəmməd Əşrəf və digər məsul şəxslər iştirak edib.

Rektor Elçin Babayev çıxışında 2020-ci ilin Azərbaycan tarixində ən əlamətdar tarixlərdən biri olduğunu vurğulayıb, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanlmış möhtəşəm qələbədən və hazırda aparılan quruculuq və bərpa işlərindən danışıb. O, 44 günlük Vətən Müharibəsi zamanı Pakistanın Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb. Rektor hər iki ölkə arasında tarixə söykənən güclü ikitərəfli münasibətlərin olduğunu nəzərə çatdırıb. İki ölkə arasında mədəni-humanitar sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən E. Babayev, bu istiqamətdə elm və təhsil sahələrinin də aparıcı rola malik olduğunu qeyd edib. O, imzalanacaq Memorandum ilə iki qurum arasında elm, təhsil və sosial sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə inandığını bildirib. Rektor bu əməkdaşlığın hər iki ölkənin səfirlikləri tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb. Tədbir iştirakçılarına bu ilin oktyabrında Bakı Dövlət Universitetində keçiriləcək “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” və Pakistandan olan əsas məruzəçi-iştirakçılar haqqında da məlumat verilib.

Lahor Universitetinin İdarə Heyətinin sədri Üveys Rauf öz çıxışında bu əməkdaşlığın elm və təhsil sahəsində əlaqələrə mühüm töhfə verəcəyinə inandığını bildirib. Universitetlər arasında qurulan əməkdaşlığın inkişafı üçün hər iki tərəfdə güclü potensialın mövcudluğunu bildirən Üveys Rauf müəllimlərə və tələbələrə təqaüdlərinin verilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə ikili diplom proqramlarının, kursların və tədris proqramlarının hazırlanması, tələbə, müəllim və elmi işçi mübadiləsi, birgə və ya əlaqələndirilmiş elmi tədqiqat və texnoloji inkişaf proqramlarının hazırlanması, elmi jurnallarda birgə nəşrlər, birgə tədqiqat layihələrində əməkdaşlıq, onlayn kitabxana və digər informasiya resurs mərkəzlərindən istifadə, müxtəlif mövzularda mühazirələr, seminarlar, simpoziumlar, tematik müzakirələr, konfranslar təşkil etmək və s. istiqamətində gələcək fəaliyyətin gücləndirilməsinə yönəlmiş birgə səylərin zəruriliyini xüsusilə qeyd edib. Lahor Universitetinin İdarə Heyətinin sədri tədbirin Pakistandan olan iştirakçıları kimi 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanması münasibətilə Azərbaycan xalqını təbrik edib və əldə olunmuş Qələbəni ədalətin təntənəsi adlandırıb.

Lahor Universitetinin rektoru Məhəmməd Əşrəf də öz çıxışında hər iki ali məktəb arasındakı əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Rektor əlavə olaraq müvafiq sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib və Memorandum çərçivəsində birgə əməkdaşlıq istiqamətləri üzrə tədqiqat, təcrübə, elmi və metodiki layihələrin hazırlanması və həyata keçirilməsi, elmi və metodiki materiallar, aparılan tədqiqatlar haqqında məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə diqqəti yönəldib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye tədbirdə Azərbaycan və Pakistan arasında mövcud qarşılıqlı etimadın elm və təhsil sahəsində də hər iki ölkə universitetləri arasında əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan Pakistan üçün əsas strateji tərəfdaş ölkələrdəndir. Cənab səfir Anlaşma Memorandumunun iki qardaş ölkə arasında bağların daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. O qeyd edib ki, Azərbaycana gəldiyi ilk gündən etibarən iki ölkənin universitetləri arasında əlaqələr yaratmağa çalışıb, həmçinin vurğulayıb ki, bu yöndə ilk addımı BDU rektoru ilə görüşərək atıb.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov 44 günlük Vətən Müharibəsi zamanı Pakistanın birmənalı dəstək nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Pakistan Ermənistanı bir ölkə kimi tanımayaraq Azərbaycana müstəqilliyinin ilk günündən dəstək verib. Anlaşma Memorandumunun məqsədlərini dilə gətirən cənab səfir təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığı hər iki ölkənin intellektual araşdırmalarına və inkişafına töhfə verəcək əlamətdar hadisə adlandırıb. X. Fərhadov bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycanın ilk və ən böyük universitetidir və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev də bu Universitetin məzunu olub. O, BDU-nun Azərbaycan üçün yüksək ixtisaslı kadrların hazırlanmasını yüksək qiymətləndirib. Bakı Dövlət Universitetinin çoxminli məzunlarından biri olduğu üçün fəxr etdiyini və qürur duyduğunu səsləndirən cənab səfir Pakistanın ən böyük universitetlərindən biri olan, tibb, mühəndislik, incəsənət və sosial elmlər üzrə ixtisaslaşmış Lahor Universitetini bu əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxın gələcəkdə ziyarət etməyi planlaşdırdığını dilə gətirib. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi baxımından Anlaşma Memorandumunun önəmini vurğulayıb və cənab Bilal Haye ilə birlikdə, universitetlər arasında bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə vermək üçün lazımi dəstək verəcəklərini dilə gətirib.

Görüşdə tərəflər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq əlaqələrini təqdir edərək Azərbaycan ilə Pakistan arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər. Görüş zamanı, həmçinin iki universitet arasında elm və təhsil sahələrində digər əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Lahor Universiteti Pakistanın ən böyük universitetlərindəndir və Universitetin 5 filiali, 40 mindən çox tələbəsi, 11 fakültəsi vardır.

Görüşün sonunda BDU və Lahor Universiteti arasında Memorandum imzalanıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024