BDU rektoru Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının fəaliyyəti ilə tanış olub

08/12/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının fəaliyyəti ilə tanış olub. O, ÇXR-də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi, çinli gənclər arasında təbliği məqsədi daşıyan sözügedən kafedranın açılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi varlığının əsasını təşkil edən dilimizin inkişafı və təbliğində, ona çox böyük hörmət və məhəbbət qazandırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan dili üzrə dövlət siyasəti uğurla davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən silsilə tədbirlərin nəticəsidir ki, hazırda dünyanın bir sıra nüfuzlu ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı üzrə müvafiq ixtisaslar yaradılıb. Kafedraya göstərilən dövlət qayğısına toxunan Elçin Babayev bu mühüm və vacib missiyaya BDU-nun da hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də Azərbaycan dilinin inkişafının və qorunmasının əhəmiyyətindən danışan rektor kafedranın fəaliyyətinə uğurlar arzulayıb.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Azərbaycan dilinin ÇXR-də təbliğində kafedranın rolundan, qarşıda dayanan vacib vəzifələrdən danışıb. Rektorun Azərbaycan dili kafedrasına gəlməsini mühüm hadisə kimi qiymətləndirərək BDU-nun da bu kafedranın fəaliyyətinə əhəmiyyətli töhfə verəcəyinə inamını vurğulayıb.

Qeyd edək ki, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasının yaradılması haqqında qərar ÇXR Təhsil Nazirliyi tərəfindən 2015-ci ildə qəbul edilib. Qərarın icrasına uyğun olaraq 2016-cı ildə həmin universitetdə Azərbaycan dili kafedrası yaradılıb və ilkin mərhələdə Azərbaycan dilinin üçüncü dil kimi tədris olunmasına başlanılıb. 2018-ci ildə Çin ümumrespublika qəbul imtahanı vasitəsilə 9 çinli tələbə Çində ilk və yeganə Azərbaycan dili ixtisasına qəbul olunub və dörd il ərzində Azərbaycan dili və mədəniyyətini öyrənərək Çinin ilk azərbaycanşünas kadrları kimi tarixə düşüb. Pekin Xarici Dillər Universitetində birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. Tələbələr “Nəsimi İli”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Tədris dövründə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və başqaları universitetdə tələbələrə mühazirələr oxuyublar. Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr tədris müddətində AZƏRTAC, Çin İctimai Elmlər Akdemiyası kimi qurumlarda təcrübə keçiblər.

Qeyd edək ki, Azərbaycan dili ixtisasına qəbul hər dörd ildən bir həyata keçirilir. 2023-cü ildə Çinin ümumrespublika ali məktəblərə qəbul imtahanında uğurlu nəticələri ilə fərqlənən 13 nəfər universitetin Azərbaycan dili ixtisasına qəbul olunublar.

Hazırda Azərbaycan dili kafedrasında Azərbaycan dilinin tədrisindən başqa müvafiq dərsliklərin yazılması, lüğətlərin tərtibatı, Azərbaycan üzrə araşdırmalar, ədəbi və elmi tərcümə işləri istiqamətində işlər və digər elmi layihələr həyata keçirilir.

Pekin Xarici Dillər Universiteti Heydər Əliyev Fondu, Azərbaycanın Çindəki səfirliyi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və digər qurumlarla sıx əməkdalığa malikdir, eyni zamanda Bakı Dövlət Universiteti, Xəzər Universiteti, AMEA Ədəbiyyat İnstitutu ilə müvafiq əməkdaşlıq sənədləri imzalanıb.

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024