BDU TƏLƏBƏLƏRİ ƏYANİ TƏHSİLİN BƏRPASI QƏRARINI SEVİNCLƏ QARŞILAYIR

15/09/2021

Artıq bir ildən çoxdur ki, təhsil müəssisələrində tədris prosesi məsafədən (onlayn) həyata keçirilirdi. Tədrisin məsafədən təşkili həm müəllimlər, həm də tələbələr üçün bir sıra çətinliklərlə müşayiət olunsa da, Bakı Dövlət Universitetində  (BDU) onlayn dərslər mütəşəkkil təşkil olundu. Qısa müddət ərzində “Microsoft Teams” platforması üzərindən təşkil edilən onlayn dərslərə tələbələr həvəslə qoşuldu, professor-müəllim heyəti tədrisin fasiləsizliyini təmin etmək üçün bütün səylərini göstərdi. BDU-da məşhur “Blackboard” təhsil siteminin tətbiqi ilə onlayn dərslərin daha mükəmməl şəkildə təşkilinə nail olundu. Lakin bütün bunlara baxmayaraq, tədrisin məsafədən təşkili ənənəvi təhsili, təbii ki, əvəz edə bilməz. Buna görə də yeni tədris ilində ənənəvi təhsilin bərpası ilə bağlı qərar həm professor-müəllim heyətinin, həm də tələbələrin böyük sevincinə səbəb oldu.

Ənənəvi təhsilin bərpası barədə tələbələrimizin təəssüratlarını öyrəndik:

Kitabxanaçılıq-informasiya fakültəsinin I kurs magistrantı Lamiyə Əliyeva: “Bu il BDU-da oxuduğum ixtisasın magistr pilləsində təhsilimi əyani şəkildə davam etdirəcəyəm. Yeni tədris ilinə əyani şəkildə başlamağı səbirsizliklə gözləyirəm. Düzdür, müəllimlərimiz təhsilimizi onlayn şəkildə davam etdirməyimiz üçün əllərindən gələni etdilər, ancaq onlayn dərslər heç bir halda əyani təhsili əvəz edə bilməz. Ənənəvi tədrisin bərpa olunması ilə bağlı qərar məni bir tələbə kimi çox sevindirdi. Tələbə və müəllim kollektivini universitetimizdə yenidən görmək çox gözəl olacaq. Amma əyani təhsilimizi davam etdirməyimiz üçün hər birimizin peyvənd olunmağımız zəruridir. Bütün tələbələr peyvənd olunmalıdır ki, normal tədris prosesinin davamlılığını təmin edə bilək. Yeni tədris ilində və  gələcək fəaliyyətlərində bütün tələbələrə yeni-yeni nailiyyətlər arzulayıram.”

Coğrafiya fakültəsinin II kurs tələbəsi Elvin Əhmədli: “BDU-ya 2020-ci ildə qəbul olundum. Universitetə qəbul olunan hər bir tələbə kimi mən də böyük auditoriyalarda dərs dinləmək, tələbə yoldaşlarımla müəyyən müzakirələr aparmaq, kitabxananın imkanlarından yararlanmaq istəyirdim. Əfsuslar olsun ki, məlum səbəbdən tədris prosesi onlayn formada davam etdirildi. Artıq yeni tədris ilindən əyani dərslərə geri qayıdırıq. Duyğularımı sözlərlə ifadə edə bilmirəm. Auditoriyalarda İlk dəfə olaraq dərs dinləyə biləcəyim üçün sevincimin həddi-hüdudu yoxdur.

Ümid edirəm ki, bu qərar ölkəmiz üçün xeyirli və davamlı olar. Bizim öhdəmizə düşən əsas vəzifə isə bu davamlılığı qorumaq məqsədilə peyvənd olunmaq və pandemiya şəraitində tətbiq edilən qərarlara ciddi əməl etməkdir. Artıq bizi daha aydın və sağlam günlər gözləyir. Bütün tələbələri əyani tədris ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edirəm.”

Biologiya fakültəsinin II kurs tələbəsi Fəridə Orucova: Birmənalı olaraq deyə bilərəm ki, onlayn təhsil ənənəvi təhsili əvəz edə bilməz. Onlayn təhsilin əsas problemlərindən biri internetin hər kəs üçün əlçatan olmaması və texniki vəsaitlərin çatışmazlığıdır. Bu problemlərə görə bəzi tələbələr dərslərdə davamlı iştirak edə bilmirdi. Buna görə də təhsildə müəyyən mənada geri qalırdılar. Buna görə də əyani tədrisin bərpası məni çox sevindirir. Əyani təhsilin bərpa olunmasına çox sevinsək də, qarşımızda duran əsas vəzifələrdən biri karantin rejiminin tələblərinə ciddi riayət etməkdir. Ən birinci vəzifəmiz peyvənd olunmaqdır. Eyni zamanda gigiyena qaydalarına, maska taxmağa və dezinfeksiyaedici məhlullardan istifadəyə davam etməliyik. Gələcəyin bioloqu olaraq bizlər də əyani tədris sayəsində bu cür virusların aradan qaldırılma yollarını öyrənməyə və tapmağa çalışacağıq.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi II kurs tələbəsi Əfsanə Ağasiyeva: “Təhsilin uzun müddət onlayn davam etməsi bütün tələbələr kimi məni də narahat edirdi. Çünki gələcəyin bir müəllimi kimi auditoriyalarda təhsil almağın gələcək fəaliyyətim üçün böyük rol oynadığını bilirəm. Mənim üçün əyani təhsilin əsas üstünlüyü ondadır ki, dərslərin keyfiyyəti daha yüksək olur və üz-üzə ünsiyyət qurmaq bacarığı əyani dərslərdə formalaşır. İnanıram ki, əyani tədris prosesi davamlı olacaq.”

Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Nigar Kərimli: “Universitetlərdə ənənəvi tədrisin bərpası qərarına çox sevindim. İl yarım davam edən onlayn təhsildən sonra dərslərimizə yenidən auditoriyalarda davam edəcəyik. Hədəflərimi reallaşdıra biləcəyim mühitə geri qayıdırıq. Bu, hər kəsə bəlli bir faktdır ki, onlayn təhsil nə qədər keyfiyyətli təşkil olunsa da, ənənəvi təhsilin imkanlarını əvəz edə bilmir. Auditoriyalarda interaktiv dərs prosesi tələbələrin dərsi mənimsəməsində daha uğurlu nəticələr verir. Amma COVID-19 bəlasının hələ də bizimlə olması faktı dəyişməz olaraq qalır. Buna görə də pandemiya olə mübarizə şərtlərinə tam əməl etmək hər birimizin ən əsas borcudur. Peyvənd olunmaq, sosial məsafəni qorumaq və dezinfeksiya qaydalarına ciddi şəkildə riayət etmək vacibdir. Yalnız bu şəkildə biz cəmiyyət olaraq virusa qalib gələ bilərik.”

Fizika fakültəsinin III kurs tələbəsi Səbinə Süleymanova: “İki ilə yaxın davam edən onlayn tədris prosesindəki müşahidələrimə əsasən deyə bilərəm ki, bu müddət heç kim üçün asan olmadı. İnternet bağlantısı və ya dərsə qoşulmaq üçün istifadə olunan texniki vasitələrin çatışmazlığı həm müəllim heyətini, həm də tələbələri müəyyən çətinliklərlə üz-üzə qoyur. Bu səbəblərdən dərslərdən geri qalan tələbə sayı az deyil. Vurğulamaq istədiyim bir digər məsələ isə tələbələrin onlayn dərslərə psixoloji baxımdan hazır olmamağı ilə bağlıdır. Çünki biz müəllimi parta arxasında dinləməyə, dərsə cavab vermək üçün lövhəyə çıxmağa, sual vermək üçün əl qaldırmağa, dərsə gecikib “qayıb” yazılmasın deyə cəld hərəkət etməyə alışmışıq. Bir sözlə, ənənəvi təhsilin bərpa olunmasına çox sevinirəm. Uzun fasilədən sonra yenidən doğma Universitetimin auditoriyalarında təhsil alacağımız üçün həqiqətən çox həyəcanlıyam və o günü səbirsizliklə gözləyirəm.”

Filologiya fakültəsinin IV kurs tələbəsi Bahar Haşimli: “2020-ci ilin mart ayında pandemiya səbəbilə Universitetlərdə bir həftəlik tətil elan olundu. Bu xəbəri ilk dəfə eşidəndə bir həftəlik istirahət kimi qəbul etmişdim. Çünki məsələnin ciddiliyindən hələ ki tam xəbərdar deyildim. Lakin bu həftələr uzanmağa başladı və təhsilimizi onlayn davam etdirməyimiz məni getdikcə daha çox məyus etməyə başladı. Nəhayət, əyani tədrisin bərpa olunma xəbərini eşitdim və çox sevincliyəm. Doğma Universitetimi, auditoriyaları, oxu zalını, müəllimlərimi və tələbə yoldaşlarımı yenidən görəcəyimi düşündükcə içimdə məktəbə ilk addımlarını atan uşaq sevinci doğur. Yeni dərs ilinin başlanmasını bütün tələbələr kimi mən də həyəcanla gözləyirəm.”

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024