BDU tələbələri Şamaxıda çöl-tədris təcrübəsində

01/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Şamaxı rayonunda çöl-tədris təcrübəsində olublar.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Səbahəddin Alışov tələbələrə rəsədxananın yaranma tarixi, ərazisi üçün Pirqulunun seçilmə səbəbi, görülən işlər və aparılan tədqiqatlardan danışıb. O, rəsədxanada müxtəlif illərdə istifadəyə verilmiş üfüqi Günəş, AST-452, AZT-8, “Seyss-600” teleskopları haqqında məlumat verib, onların işləmə mexanizmini izah edib.

Təcrübə zamanı tələbələrin sualları cavablandırılıb, astrofizika, qalaktikalar, “böyük partlayış”, “qara dəlik”, kosmosun  çirklənməsi  və s. mövzularda maraqlı diskussiyalar aparılıb.

Tələbələrə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonuna daxil olan Şamaxı rayonu, rayonda torpaq-landşaft komplekslərinin növləri, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları və s. haqqında məlumat verilib. Rayonun müxtəlif ərazilərində havada ozonun, ammonyakın, suda və torpaqda pH-ın miqdarı təyin edilib, portativ dozimetr vasitəsi ilə müxtəlif yerlərdə radiasiyanın səviyyəsi ölçülüb. Sumqayıtçay, Ceyrankeçməz və Pirsaat çaylarının qidalanma rejiminin qiymətləndirilməsi, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tipləri, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçirilib.

Bölgənin dini-sakral (Pirsaat baba kompleksi, Şamaxı Cümə məscidi) və tarixi-maddi abidələri (Türk şəhidliyi məzarları) ziyarət edilib. Yaşayış məntəqələrinin ərazi üzrə paylanması, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəli istifadəsi, dövlət və bələdiyyə fondu torpaqlarının məqsədli təyinatı və hüquqi rejimə görə reqlamentlərinin müqayisəli təhlilləri aparılıb.

Qafqazda yeganə eko-park olan Şamaxı Safari Parkına səfər zamanı ərazidə qorunub saxlanılan və sayı artırılan nəcib maral, xallı maral, Altay maralı, muflon, alkapa, lama və zubr kimi  genetik qiymətli heyvanlar haqqında məlumat əldə edilib.

Təcrübənin sonunda tələbələr Qobustan rayonu ərazisində Kənd Təsərrüfatı Nazirliyinin Sərgi Mərkəzinə səfər edib, orda yerli mütəxəssislərin iştirakı ilə Heyvandarlıq kompleksinin işi ilə tanış olublar. Ən müasir texnologiyaların tətbiq edildiyi istehsalat sahələrində heyvanlara göstərilən qulluğun səviyyəsi tələbələrdə böyük maraq yaradıb. Səfərin sonunda tələbə və müəllimlər Qobustan rayonu ərazisində naməlum türk əsgərinin məzarını ziyarət ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024