BDU tələbələri Başlıbel qətliamı haqqında məlumatlandırılıb
Bakı Dövlət Universitetində (BDU) “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı gənc nəslin Ermənistanın təcavüzkar siyasəti nəticəsində xalqımıza qarşı törədilən qətliamlarla bağlı məlumatlandırılmasının əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” layihəsi bu mənada çox əhəmiyyətlidir.
Layihənin rəhbəri, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimovun sözlərinə görə, layihə çərçivəsində Başlıbel qətliamının şahidi olan və 113 gün mühasirə həyatı yaşayan şahidlərin 2 aydan artıq müddətdə partizan mübarizəsi apardıqları “Nəbi kahası” və “Barıtlı kahası” adlanan ərazilərdə hər biri 20 dəqiqəlik videosüjetlər çəkilib. Çəkilən videolarda ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətlərlə bağlı şahid ifadələri yer alır.
Layihənin eksperti, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov isə bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıb. 18 aprel 1993-cü ildə erməni hərbçiləri onların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq insanlara qarşı dəhşətli qətliam törədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla, 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib, onlar kəndin ərazisində ucqar yerlərdə yerləşən “Nəbi kahası” və “Barıdlı kahası”nda gizləniblər. 113 günlük ölüm-dirim mübarizəsindən sonra 4 sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər.
Başlıbel qətliamının şahidləri İsmət Əzizov, Elşad Əzizov və Məzahir Abbasquluyev mühasirə zamanı yaşadıqları dəhşətləri danışıblar.
Sonda tələbələr Başlıbel qətliamı haqqında videosüjetləri izləyiblər.




