BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsindən olan üzvləri üçün “AnewZ” beynəlxalq televiziya kanalında infossessiya keçirilib.
BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi, “AnewZ” beynəlxalq televiziya kanalının redaktoru Anzulə Pərvizqızı tələbələrə kanalın yayım siyasəti və əsas hədəfləri barədə məlumat verib. Bildirib ki, 2024-cü ildə yaradılan “AnewZ” ölkəmizdə ingilisdilli jurnalistikanın mərkəzi kimi formalaşır. 12-dən çox ölkədə təmsilçisi olan və 110-dan artıq ölkədə yayımlanan “AnewZ” fəaliyyət göstərdiyi dövrdə nəinki yerli, həmçinin dünya mediası üçün də etibarlı xəbər mənbəyinə çevrilib. Kanalın yaradıcı heyətində müxtəlif ölkələrdən media sahəsində zəngin təcrübəyə malik peşəkar jurnalistlər yer alır. Sonra tələbələr telekanalın xəbər otağı, çəkiliş studiyaları və montaj məkanları ilə yaxından tanış olublar. “AnewZ”un prodüseri Dilnavaz Məmmədova və rejissoru Səbuhi Manafov yayımlanan verlişlər, hazırlanan kontentlər haqqında danışıblar. Qeyd olunub ki, məkanda ən son texnologiyalardan istifadə edilir.
Telekanalın digital otağı ilə yaxından tanış olan tələbələri burada aparılan iş haqqında kanalın prodüseri Louise Miner və jurnalist Cessika Nvavnkvo məlumatlandırıb. Onlar müasir dövrün tələblərinə uyğunlaşmaqla auditoriyanı cəlb etmək yolları barədə danışıblar. “AnewZ”da əsas məqsədin yeni texnoloji alətlər və peşəkar komanda ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsini Bakıdan dünyaya çatdırmaq olduğunu bildiriblər. Gənc jurnalistlərə sosial medianı yaxından izləmək və süni intellekt alətləri ilə işləmə qabiliyyətlərini formalaşdırmaq tövsiyə edilib.
Sonda tələbələrin televiziyanın fəaliyyətinə dair sualları cavablandırılıb.

