BDU tələbələrinin “Ezop” tamaşası “Pillə-3” Respublika Tələbə Tamaşaları Festivalının qalibidir

02/06/2025

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Pillə-3” universitetlər arasında Respublika Tələbə Tamaşaları Festivalında böyük uğur qazanıb.

26 may-2 iyun tarixlərini əhatə edən festivalın bu gün bağlanış və mükafatlandırma mərasimi keçirilib. Festivalda müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə 19 tamaşa nümayiş olunub. BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası “Ən yaxşı tamaşa” nominasiyasında festivalın qalibi olub.

Tamaşanın quruluşçu rejissoru BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin rejissoru Vahid Orucoğludur. Tamaşada rolları Universitetin tələbələri Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov ifa ediblər.

“Ezop” tamaşası dünya ədəbiyyatının klassik simalarından biri olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq səhnəyə qoyulub. Qədim yunan təmsil ustası Ezopun (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib.

Əsərlərində heyvan obrazlarından istifadə etməklə insan xarakterini, cəmiyyətin zəif və güclü tərəflərini ustalıqla tənqid edən Ezopun “Tülkü və Üzüm”, “Qurd və Quzu”, “Qarğa və Küp” kimi məşhur hekayələri bu gün də öz aktuallığını qoruyub saxlayır.

 

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026