BDU tələbəsi dronların idarəedilməsinə görə sertifikata layiq görülüb

29/04/2022

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunun Heyvandarlıq Nümayiş Kompleksində Aqrar İnnovasiya Festivalı keçirilib. Bakı Dövlət Universitetinin Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığı çərçivəsində BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin, Tələbə Elmi-texniki Yaradıcılıq Mərkəzinin, o cümlədən Ekologiya, Biologiya, Fizika fakültələrinin işçi və tələbə heyəti tədbirdə iştirak edib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” ASC, Aqrar Sığorta Fondu, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, habelə bir sıra yerli şirkətlər öz məhsul və innovativ texnologiyalarını nümayiş etdiriblər. Eyni zamanda elmi-tədqiqat institutları tərəfindən intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, heyvan xəstəliklərinin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və bir sıra kənd təsərrüfatı texnikalarının təqdimatı baş tutub.

Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) mütəxəssisləri tərəfindən “Global GAP standartları”, Türkiyənin “Sapmaz Havacılık və İleri Teknolojiler" şirkətinin mütəxəssisləri tərəfindən aqro dronların idarəedilməsi, yerli şirkətlər tərəfindən kənd təsərrüfatının intensiv inkişafına təkan verə biləcək müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi olub. Tədbirdə iştirak edən fermer və qonaqlar modul tipli istixananın işlək imitasiya modeli, ipəkqurdu yumurtasının inkubasiyası qurğusu, buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu, innovativ suvarma metodları, tarla suvarma çiləyiciləri, alternativ enerji mənbələri ilə çalışan su nasosları, sublimator, smart arı yeşiyi, müxtəlif növ gübrə və pestisidlər, həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri ilə tanış edilib.

Qeyd edək ki, Bakı Dövlət Universiteti və Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq müsbət nəticələr verməyə davam edir. Belə ki, BDU-nun tələbəsi Rəşad Qocalar “Sapmaz Havacılık və İleri Teknolojiler" şirkətinin dronların idarəedilməsinə dair təlimlərindən keçərək, sertifikat və xüsusi vəsiqəyə layiq görülüb.

 

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025