BDU tələbəsi “Koreya mədəniyyəti üzrə Viktorina 2016”nın qalibi olub
Bakı Dövlət Universitetində Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanqgyunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə “Koreya mədəniyyəti üzrə Viktorina 2016” adlı tədbir keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov BDU-nun elm-təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrindən, o cümlədən Koreya universitetləri ilə qarşılıqlı layihələrdən bəhs edib. Qeyd edib ki, universitetin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında 10 ildən artıqdır ki, Koreyaşünaslıq ixtisası, Koreya dili və Koreya ədəbiyyatı tarixi fənləri yerli və koreyalı mütəxəssislər tərəfindən tədris edilir. Bu illər ərzində bir çox uğurlu layihələrə imza atılıb, o cümlədən yaxın keçmişdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə artıq V dəfə BDU-da “Bakı Koreya dili Natiqlik müsabiqəsi”, Koreya Mədəniyyəti Günü kimi tədbirlər yüksək səviyyədə keçirilib.
“Koreya mədəniyyəti üzrə Viktorina 2016” haqqında danışan səfir Kim Çanqgyun, eyni zamanda, universitetin tələbə və müəllimlərinə dəstək olmağa davam edəcəklərini qeyd edib, universitetlərarası əlaqələrin inkişafı istiqamətində layihələri müsbət dəyərləndirib.
Koreya mədəniyyəti ilə bağlı təşkil edilmiş videoçarxla tanışlıqdan sonra universitetin tələbə-müəllim heyəti və qonaqların iştirakı ilə viktorinaya start verilib. BDU və digər ali məktəblərin ümumilikdə on nəfər tələbəsi Koreyanın mədəniyyəti, tarixi və dili mövzularında biliklərini nümayiş etdiriblər. İki hissədən ibarət olan viktorinanın qalibi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Koreya dili ixtisasının 3-cü kurs tələbəsi Töhvə Nuriyeva olub. Viktorinanın şərtlərinə görə, qalib tələbə, həm də Koreyaya getmək şansı qazanıb. Sonrakı yerləri Azərbaycan Dillər Universitetinin 2-ci kurs tələbəsi Fəridə Ayidayeva və həmin universitetin məzunu Ramin Abbasov tutublar.
Mətbuat və informasiya şöbəsi, 13 may 2016-cı il.