BDU Türkiyədə keçirilən ənənəvi “Kitabxana həftəsi”ndə təmsil olunub
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Azərbaycan Milli Kitabxanası, Türkiyənin Cümhurbaşkanlığı Millət Kitabxanası, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin birgə təşkilatçılığı ilə Türkiyədə keçirilən 61-ci “Kitabxana həftəsi” tədbirləri çərçivəsində elmi-praktik konfrans təşkil olunub.
Tədbirin moderatoru, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri, dosent Ahmet Altay bildirib ki, Türkiyədə 1964-cü ildən başlayaraq hər il keçirilən “Kitabxana həftəsi”nin məqsədi cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana-informasiya fəaliyyətinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Həftə boyu müxtəlif tədbirlər, konfranslar, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edildiyini deyən Ahmet Altay qeyd edib ki, tədbir çərçivəsində nüfuzlu ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr, ustad dərsləri dinlənilir.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı 2021-ci ildən etibarən fakültənin Türkiyədə keçirilən “Kitabxana həftəsi” tədbirlərində təşkilatçı qismində iştirak etdiyini vurğulayıb, qardaş ölkənin kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetləri və sahə qurumları ilə əlaqələrin müntəzəm inkişaf etdirildiyini, birgə ustad dərslərinin, mühazirələrin, beynəlxalq elmi konfransların keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının fəaliyyəti haqqında məruzə edib. Məruzədə ölkəmizin ən böyük və zəngin kitabxanası olan Milli Kitabxana haqqında iştirakçılara ətraflı məlumat verilib. Milli Kitabxananın Azərbaycanda kitabxana işinin təşkilində mühüm rol oynadığı, kitabxana sahəsində dövlət siyasətini həyata keçirən təşkilat kimi fəaliyyət göstərdiyi vurğulanıb: “Milli Kitabxana Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya miqyasında tanıdılmasında xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirir, dünyanın 94 ölkəsinin Milli Kitabxanası ilə kitab mübadiləsi aparır”.
Konfrans çərçivəsində Türkiyə Cümhurbaşkanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlunun BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri üçün ustad dərsi təşkil olunub. Görüş zamanı Türkiyə Cümhurbaşkanlığı Millət Kitabxanasının fəaliyyəti haqqında ətraflı məlumat verilib, Kitabxananın 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradıldığı və Türkiyənin ən böyük kitabxanası olduğu, öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer aldığı qeyd olunub. Millət Kitabxanasının fəaliyyət istiqamətləri, kitabxananın strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, kitabxanada təşkil edilən müxtəlif tədbirlər, sərgilər, həyata keçirilən layihələr barədə dolğun məlumatlar təqdim olunub.
Ustad dərsinin sonunda mövzu ətrafında müzakirələr aparılıb, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.