BDU və “Pasha Hayat Sığorta”nın insan resursları şöbələri əməkdaşlıq məsələlərini müzakirə edib
Bu gün Bakı Dövlət Universiteti (BDU) və “Pasha Hayat Sığorta”nın insan resursları şöbələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə tələbə və məzunların karyera planmasının əsas xüsusiyyətləri, tələbələr üçün təcrübə proqramları, Universitetin “Pasha Hayat Sığorta” şirkəti ilə işgüzar münasibətlərin perspektivlərindən bəhs olunub.
“Pasha Hayat Sığorta”nın İnsan resursları departamentinin əməkdaşları görüşdə BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi, tələbələr üçün üçün şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının, qurama müsahibələrin (mock interview) keçirilməsi və tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil edilməsi məsələlərindən danışıb.
Həmçinin şirkət əməkdaşlarının BDU-da qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi, şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. BDU tələbələrinin şirkətin təşkilatçılığı ilə “Pasha Hayat Sığorta”nın baş ofisinə və ya filiallarına ekskursiyaların, tələbələri üçün müxtəlif müsabiqələrin təşkil edilməsi və s. həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.