BDU və “PROSOL” QSC arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “PROSOL” QSC-nin əməkdaşları arasında görüş keçirilib. Görüşün məqsədi universitet–şirkət əməkdaşlığının genişləndirilməsi, tələbələrin əmək bazarına hazırlığının artırılması və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə layihələrin müzakirəsi olub.
Görüş zamanı Mərkəzin nümayəndələri Universitetdə həyata keçirilən karyera yönümlü layihələr, tələbə və məzunların peşəkar inkişafına xidmət edən proqramlar, işəgötürənlərlə qurulan əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumat veriblər. Tələbələrin real iş mühiti ilə tanışlığının artırılması, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün şirkətlərlə birbaşa əlaqələrin əhəmiyyəti vurğulanıb. Mərkəz əməkdaşları tərəfindən “Rəqəmsal Tələbə İnkişaf Proqramı”, “Rəqəmsal Bacarıqlar Bootcampı” və “Mentorluq proqramı” kimi layihə istiqamətləri üzrə əməkdaşlıq təklifləri, həmçinin tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi məsələləri irəli sürülüb.
“PROSOL” QSC-nin nümayəndələri şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və xüsusilə kibertəhlükəsizlik sahəsində gördüyü işlər barədə təqdimatla çıxış ediblər. Bildirilib ki, şirkət ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir və gənclərin bu strateji sahədə maarifləndirilməsini prioritet hesab edir. Rəqəmsallaşma və süni intellekt sahələri üzrə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd edilib. Şirkət nümayəndələri tələbələr üçün ustad dərsləri və “workshop”ların təşkili, universitetdə müasir rəqəmsal laboratoriyaların yaradılması istiqamətində dəstək ola biləcəklərini vurğulayıblar.
Tərəflər əməkdaşlığın davamlı xarakter alması, tələbələrin müasir əmək bazarının tələblərinə uyğun hazırlanması və kibertəhlükəsizlik kimi strateji sahədə ixtisaslı kadrların formalaşdırılmasının vacibliyini qeyd ediblər.


