BDU və RİİB-in təşkilatçılığı ilə növbəti ixtisaslaşmış Karyera Sərgisi keçirilib
Bakı Dövlət Universiteti (BDU) və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Peşəkar gələcəyə doğru” adlı növbəti ixtisaslaşmış karyera sərgisi keçirilib. Sərgidə aqrar sahədə fəaliyyət göstərən 25 nüfuzlu şirkət tələbə və məzunlara öz vakansiyalarını təqdim edib.
Sərginin rəsmi açılışında BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, texnologiyaların dinamaik inkişafı ali təhsilin də əmək bazarının tələblərinə uyğunlaşmasını tələb edir. BDU nüfuzlu beynəlxalq qurumlarla, yerli dövlət və qeyri dövlət təşkilatları ilə səmərəli əməkdaşlıq edir, əmək bazarının tələblərini öyrənir, təhsil proqramlarını yeniləyir. Prorektor qeyd edib ki, ölkənin ən nüfuzlu ictimai təşkilatlarından olan RİİB-lə birgə təşkil olunan Karyera Sərgisi tələbə və məzunlar üçün yeni imkanlar yaradır. O, tələbə və məzunları onlar üçün yaradılan bu imkandan yararlanmağa və gələcək karyeralarını uğurlu qurmağa çağırıb.
RİİB-in Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova isə qeyd edib ki, təmsil etdiyi qurumun əsas prioritetlərindən biri də tələbələri əmək bazarı ilə erkən tanış etmək, gələcək karyeralarını daha şüurlu şəkildə qurmalarına yardımçı olmaqdır. Bu baxımdan RİİB-in BDU ilə birgə keçirdiyi Karyera Sərgisi tələbə və məzunların aqrar sektorun reel mənzərəsi ilə tanış olmaları üşün mühüm platformadır. Bu, universitet-sənaye əməkdaşlığına, eyni zamanda, aqrar sektorun ixtisaslı insan resurslarına yiyələnməsinə də münbit şərait yaradır. RİİB-in şöbə müdiri ixtisaslaşmış Karyera Sərgisinin aqrar sektorun inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Karyera Sərgisi çərçivəsində “Aqrar sektorun dayanıqlı inkişafında dövlət xidmətlərinin rolu və universitet əməkdaşlığı” və “Aqrar əmək bazarının trendləri və özəl sektorun tələbləri” adlı iki panel müzakirə keçirilib.
Daha sonra tələbə və məzunlar ölkənin nüfuzlu aqrar şirkətlərinin vakansiyaları, təcrübə, təqaüd və könüllülük proqramları ilə tanış olublar.

















