BDU, YAP və Ankara Universitetinin "Müstəqil Azərbaycanın memarı" adlı Beynəlxalq elmi konfransında 110-dan çox məruzə dinlənilib

27/04/2023

Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı Beynəlxalq elmi konfransın bölmə iclasları keçirilib.

Konfransın ikinci günü 3 bölmədə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, alimləri tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki xidmətlərinə, zəngin və çoxşaxəli fəaliyyətinə dair 110-dan artıq məruzə  dinlənilib.

Qeyd olunub ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Ümummilli Liderin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib.

Konfransda həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması dahi liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olub.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.  Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olub, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilib. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.

Konfrans öz işini bu gün yekunlaşdıracaq.

 

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024