BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda 2017-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb. Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 124 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 23 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.

Professor Aydın Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2017-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 185 mövzu üzrə 1046 elmi iş yerinə yetirilib.

Hesabat ilində Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dissertantı və ingilis bölməsinin müəllimi, gənc alim Aygün İsrayılova “Gənclər üçün Prezident mükafat”ına layiq görülüb. Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə AMEA-nın Müsa Əliyev adına mükafatı ilə təltif edilib. Bakı Dövlət Universiteti Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən Vyetnamın “Dostluq” ordeninə layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində BDU alimləri Xudaverdi Qəmbərov biologiya, Kamran Mahmudov kimya üzrə “2016-cı ilin alimi”, Ofelya Balayeva isə “2016-cı ilin gənc alimi” nominasiyası üzrə mükafat müsabiqələrinin qalibləri olublar.

Hesabat ilində universitetdə fəaliyyət göstərən Dissertasiya Şuralarında 93 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 45 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə edib. Ümumiyyətlə, BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən müxtəlif ixtisaslar üzrə 14 elmlər doktoru və 57 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib.

Hesabat ilində universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 54 monoqrafiya, 47 kitab, 73 dərslik, 133 dərs vəsaiti, 3039 məqalə, o cümlədən 2107 məqalə respublikada, 932 məqalə xaricdə, 1290 tezis, o cümlədən 753 tezis respublikada, 937 tezis xaricdə, 21 metodik göstəriş, 339 proqram nəşr etdirilib.

Cari ildə universitet alimləri 32 doktorluq və 137 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik edib, 17 doktorluq və 74 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər.

Xaricdə nəşr olunmuş 932 məqalədən 338-i, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 36 %-i Tomson Reuter, Scopus və digər beynəlxalq agentliklər tərəfindən indekslənən və inpakt faktorlu jurnallarda nəşr olunub. BDU əməkdaşları tərəfindən 9, o cümlədən BDU-nun sahibliyi ilə 7 patent alınıb. Professor Aydın Kazımzadə 2017-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Məlum olub ki, 2017-ci ildə BDU alimləri tərəfindən xarici ölkə nəşriyyatlarında 15 kitab və monoqrafiya nəşr olunub.

Hesabat ilində universitetin əməkdaşları tərəfindən böyük və kiçik həcmli 199 (123 beynəlxalq, 30 respublikadaxili və 46 universitetdaxili) qrant layihələri həyata keçirilib. Bu layihələrErasmus Mundus və TEMPUS Programları, Avropa Birliyinin və bir sıra xarici ölkələrin müxtəlif fondları, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, Azneft İstehsalat Birliyi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2016-cı ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ali  məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən Elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.

Bakı Dövlət Universitetinin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanıb. Dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər elmi, nəzəri və metodik jurnallar, o cümlədən impakt faktorlu “Applied and computational mathematics” jurnalı öz fəaliyyətlərini davam etdirib. 2017-ci ildən “Journal of Low Dimensional Systems” və “New Materials, Compounds and Applications” adlı 2 yeni jurnalın nəşrinə başlanılıb.

Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilib. Doqquz buraxılış üzrə liseyi 330 şagird bitirib və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 72 nəfəri BDU-ya) daxil olub.2017-cı ilin fevral ayında keçirilmiş “Sabahın alimləri” VI Respublika müsabiqəsində liseyin şagirdlərindən 10 nəfəri II, 7 nəfəri  III mükafata layiq görülüb. Cari ilin fevral ayında keçirilən “Sabahın alimləri” VII Respublika müsabiqəsində liseyin 15 şagirdi I, II, və III yerə layiq görülüb.

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-da təsis edilən universitetdaxili “50+50” qrant proqramı işini davam etdirib. 2016/2017-cı ildə müvafiq komissiyanın qərarı ilə 17 professor-müəllim heyətinə, 10 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 12 nəfər doktorant, dissertant və magistrant və 7 nəfər tələbəyə qrant verilib.

Bakı Dövlət Universitetində 150 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır. Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 19 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev BDU ilə AMEA-nın birgə əməkdaşlığının elm və təhsilin inkişafına öz təsirini göstərməsindən, Akademiyada işləyənlərin böyük əksəriyyətinin BDU məzunu olmasından, BDU-nun elmi hesabatlarının hər il daha da təkmilləşməsindən danışıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə birinci yeri tutmuş təbiət fakültələri üzrə Kimya və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası, Humanitar fakültələr üzrə Jurnalistika, Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrası mükafatlandırılıb.

2017-ci ildə əldə etdikləri ən yüksək elmi nailiyyətlərinə görə, Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Ralfrid Həsənov və Tarix fakültəsinin Azərbaycan tarixi (Təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev “İlin alimi” fəxri adına layiq görülüblər. Kimya fakültəsinin Metalkompleks katalizatorları ETL-nin elmi işçisi Ofelya Balayeva, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova 2017-ci ildə yüksək uğurlar əldə etdiyinə görə Fəxri fərmanla təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 13 aprel 2018-ci il.


Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024