BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

06/05/2019

Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub.
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvlərinin də iştirak etdiyi iclası rektor Elçin Babayev açaraq Elmi Şuranın gündəliyini elan edib. Məlum olub ki, gündəliyə ötən il yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı, bu tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasına hazırlıq məsələlərinin müzakirəsi, elmi-adların verilməsi və cari məsələlər daxildir.
Azərbaycan elm və təhsilinin inkişafının, elmi kadrların hazırlanmasının vacib məsələlərdən olduğunu bildirən rektor Elçin Babayev Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.
İclasda 2018-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadənin hesabatı dinlənilib. BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışan A.Kazımzadə qeyd edib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2011-ci ildən başlayaraq BDU “QS World University Rankings” reytinqinə görə dünyanın top universitetləri siyahısına daxil edilir. 2018-ci ildə dünyanın 20 min top universitetini araşdıran şirkət siyahıya yalnız 1000 top universiteti daxil edib və Azərbaycandan yalnız BDU bu siyahıda 801+ yerdə qərarlaşıb. 2015-ci ildən başlayaraq BDU “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında yer tutur. 2018-ci ilin nəticələrinə əsasən, BDU bu siyahıda 95-ci yerdə qərarlaşıb. 2015-ci ildən başlayaraq BDU beynəlxalq "Round University Ranking"  reytinqinə dünyanın ən yaxşı 750 universiteti ilə birlikdə daxil edilir. 2018-ci ilin nəticələrinə əsasən (RUR-2018), BDU bu siyahıda 686-cı yerdə qərarlaşıb. 2014-cü ildən başlayaraq BDU «U-Multirank» tərəfindən dünyanın ən yaxşı 850 universitetləri siyahısına daxil edilir. Professor Aydın Kazımzadə bildirib ki, son illər BDU MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən "Webometrics"in 2018-ci il  reytinq siyahısında 5000 universiteti arasında 3656-cı yerdə,  URAP reytinqində 2500 universitet üzrə 2452-ci yerdə qərarlaşıb. 2015-ci ildən başlayaraq BDU Scopus agentliyinin məlumatları əsasında “Scimago İnstitutions Rankings” siyhısına da daxil edilir. 2018-ci il reytinqində BDU 769-cu yerdədir. Prorektorun məruzəsindən məlum olub ki, Bakı Dövlət Universitetinin 16 fakültəsinin 121 kafedrası, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi və 23 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.
Professor A.Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2018-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 182 mövzu üzrə 1033 elmi iş yerinə yetirilib. Hesabat ilində universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 70 monoqrafiya, 64 kitab, 93 dərslik, 191 dərs vəsaiti, 3410 məqalə, o cümlədən 2324 məqalə respublikada, 1086 məqalə xaricdə, 1365 tezis, o cümlədən 451 tezis respublikada, 914 tezis xaricdə, 16 metodik göstəriş, 702 proqram nəşr etdirilib. Xaricdə nəşr olunmuş 1086 məqalədən 339-u, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 31 %-i Clarivate Analytics agentliyinin Web of Science bazasına daxil olan, 565-i (52 %-i) Springer Nature nəşriyyatı tərəfindən nəşr edilən nüfuzlu dərgilərdə dərc olunub.
2018-ci ildə BDU-ya və onun bir sıra əməkdaşlarına “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatları təqdim edilib. Universitetlər arasında “Web of Science”də əsas nəşr lideri - “Supermükafat”Bakı Dövlət Universitetinə verilib. BDU-da nəşr edilənTətbiqi və Hesablama RiyaziyyatıWoS Core Collection-da olan yeganə Q1 kateqoriyalı Azərbaycan jurnalıkimi mükafatlandırılıb.
Prorektorun sözlərinə görə, hesabat ilində universitetdə 35 ixtisas üzrə fəaliyyət göstərən10 daimi və 2 birdəfəlik dissertasiya şuralarında 121 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 59 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə edib. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən müxtəlif ixtisaslar üzrə 16 elmlər doktoru və68 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib. Universitet alimləri 15 elmlər doktoru və 145 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə təqdim edilmiş dissertasiya işlərinə opponentlik ediblər. 16 elmlər doktoru və 73 fəlsəfə doktoru üzrə dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər. BDU əməkdaşları tərəfindən 9, o cümlədənBDU-nun sahibliyi ilə 6 patent alınıb.
Professor A.Kazımzadə 2018-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Məlum olub ki, 2018-ci ildə BDU alimləri tərəfindən xarici ölkə nəşriyyatlarında 18 kitab və monoqrafiya nəşr olunub. Eyni zamanda universitetin əməkdaşları tərəfindən 278 (163beynəlxalq, 40respublikadaxili və 75 universitetdaxili)qrant layihəsi həyata keçirilib. Universitet əməkdaşları və tələbələri 26 təlim proqramında iştirak ediblər.
Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2018-ci ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirib. Bakı Dövlət Universitetinin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanıb.
Bakı Dövlət Universitetində dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər 24 elmi, nəzəri, metodik və təcrübi jurnallar, o cümlədən ölkəmiz üzrə yeganə impakt faktorlu “Applied and computational mathematics” jurnalı öz fəaliyyətlərini davam etdiriblər.
Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-da universitetdaxili “50+50” qrant proqramı təsis edilib. 2018-ci ildə müvafiq komissiyanın qərarı ilə 31 professor-müəllim heyətinə, 16 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 17 nəfər doktorant, dissertant və magistrant və 11 nəfər tələbəyə qrant verilib. Universitetdə 165 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır. Prorektorun sözlərinə görə, universitet beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilindəRespublikada və xarici ölkələrdə fəaliyyət göstərən 19 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.
Elmi Şuranın iclasında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına və Yekun Dövlət Attestasiyasına hazırlığın vəziyyəti haqqında məlumat verib. İmtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının obyektiv və şəffaflıq şəraitində keçirilməsinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.
İclasda həmçinin BDU-nun bir qrup əməkdaşına dosent və professor elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Mətbuat və informasiya şöbəsi, 6 may 2019-cu il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024