BDU-da Acınohur və Sarıca düzlərində ceyran populyasiyasının bərpasına dair elmi seminar

18/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Acınohur və Sarıca düzlərində ceyran (Gazella subgutturosa Guldenstaedt, 1970) populyasiyasının bərpası üzrə ilkin nəticələr” mövzusunda elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Sevinc Saruxanova mövzu üzrə məruzə edib.

O qeyd edib ki, tarixən ceyranlar Şərqi Qafqazda Kür-Araz ovalığında və Abşeron yarımadasında geniş yayılıb. Zamanla Xəzər dənizinin səviyyəsinin dəyişməsi, Kür-Araz çaylarının allüvial fəaliyyəti, tektonik proseslər, iqlim dəyişmələri nəticəsində bitki örtüyünün təbii suksessiyası və ən sonda antropogen amillər nəticəsində ceyranların sayı və yaşayış sahələri getdikcə azalıb. 1960-cı ildə aparılmış aviasayım zamanı respublika ərazisində cəmi 131 baş ceyran qeydə alınıb. Təcili olaraq bu növün xilas edilməsi üçün xüsusi mühafizə tədbirləri həyata keçirilib. 2022-ci ildə aparılmış sayım nəticəsində ölkə ərazisində 6262 ceyran olduğu müəyyən edilib. Ceyranların tarixi areallarının bərpası məqsədi ilə 2010-cu ildən başlayaraq reintroduksiyası aparılıb.

Tədqiqat zamanı 2010-2020-ci illərdə Acınohur və Sarıca düzlərinə köçürülmüş ceyranların populyasiya dinamikası və onların yeni areala adaptasiyası öyrənilib. Belə ki,  2010-2020-ci illər ərzində Şirvan Milli Parkından 103 baş ceyran tutularaq Acınohur və Sarıca düzlərinə köçürülüb. Onların 57-si erkək, 46-si dişi olub. Ceyranların monitorinqi üçün 6 ədəd GPS “Plus Vertex Survey” xaltaları istifadə edilib və gündə 2 dəfə siqnal qəbul edilərək yerləşdiyi ərazilər müəyyənləşib. Tədqiqatın nəticələrinə görə,  ilk illərdə populyasiyada artım zəif gedib. 2019-cu ildə aparılmış sayım ceyran populyasiyasında sürətli artım olduğunu göstərib. Ceyranlar yeni köçürülmüş ərazilərdə düzənliklərdə cəmləşib. Tədqiqat zamanı aparılmış müşahidələr ceyranların yerdəyişmələrinin ərazidə mal-qaranın mövcudluğundan asılı olduğu müəyyən edilib. Belə ki, qış otlaqları boş olduğu müddətdə ceyranlar müntəzəm hərəkət marşrutlarından istifadə edib və əlverişli yerlərdə cəmləşib. Su mənbələrinin məhdud olduğu quraq mövsümlərdə ceyranlar Mingəçevir su anbarına doğru hərəkət edib.

Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024