BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 noyabr - Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş “Hüquq və suverenlik uşaqların gözü ilə” adlı görüş keçirilib. Görüşdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinin 125 nömrəli tam orta məktəbinin şagird və müəllimləri iştirak ediblər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev məktəblilərlə görüşün onların hüquq mühiti və elmi atmosferlə yaxından tanış olması baxımından önəmini qeyd edib. Hüquq fakültəsinin Şərqi Avropanın ən qədim və böyük fakültələrindən biri olduğunu bildirib, hüquqşünas peşəsinin xüsusiyyətlərindən bəhs edib. Dekan tələbələrin uğurları haqqında məlumat verərək, Prezident təqaüdçülərinin sayına görə fakültənin respublika birincisi olduğunu vurğulayıb.
Zaur Əliyev uşaq hüquqları sahəsində əsas beynəlxalq sənədlər – 1959-cu il Uşaq Hüquqları Bəyannaməsi və 1989-cu il Uşaq Hüquqları Konvensiyasının uşaqların müdafiəsində oynadığı rolu vurğulayıb, dövlətin uşaq hüquqları sahəsində apardığı siyasətə toxunub. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyası uşaq hüquqlarının qorunmasına xüsusi yer ayırıb. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Qanun isə dövlətin uşaqlara göstərdiyi dəyərin bariz nümunəsidir. Dekan, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə həyata keçirilən mühüm tarixi hadisələrdən danışıb. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və I Qarabağ müharibəsinin ən uğurlu döyüş əməliyyatı sayılan Horadiz əməliyyatı, bunun nəticəsində bir sıra kəndlərin, o cümlədən qələbəmizin müjdəçisinə çevrilən Cocuq-Mərcanlının azad olunması ilə başlanan zəfər yürüşü Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla başa çatdırılıb. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər nəticəsində Qarabağda yenidən uşaq səsləri eşidilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin xeyirxahlıq missiyasını uğurla davam etdirən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan dekan Fond tərəfindən həyata keçirilən layihələrin uşaqların sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra 125 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndirib, uşaq hüquqları ilə bağlı fikirlərini söyləyiblər. Uşaqlar fakültə ilə də tanış olub, auditoriyalara daxil olaraq dərsləri izləyiblər.
Tədbir çərçivəsində həmçinin Hüquq fakültəsinin dekanının təşəbbüsü ilə tələbələrin hazırladığı, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Əsas Qanunun işığında - Konstitusiya” adlı məktəbli kitabçasının təqdimatı keçirilib. Tədbirin sonunda məktəblilərə sertifikatlar təqdim edilib.




