BDU-da akademik Vasif Babazadənin 85 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

19/12/2023

Bakı Dövlət Universitetində (BDU) Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli akademik Vasif Babazadənin 85 illik yubileyinə həsr olunmuş “Geologiya: nəzəriyyə və praktikanın vəhdəti” mövzusunda Respublika elmi konfransı keçirilir.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev akademik Vasif Babazadənin Azərbaycanda geologiya elminin əsas sütunlarından biri olduğunu bildirib. Rektor qeyd edib ki, görkəmli geoloq alim bütün ömrünü Azərbaycan elminin, təhsilinin inkişafına həsr edib.

Görkəmli alimin Azərbaycanda və xarici ölkələrdə 350-dən artıq elmi əsəri, 40-dan çox kitabı (monoqrafiya, dərslik, dərs vəsaitləri və s.) çap olunub. O, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritənin müəllifidir. Akademik Vasif Babazadənin rəhbərliyi altında 35 fəlsəfə, 11 elmlər doktoru hazırlanıb. Akademik Vasif Babazadə eyni zamanda geologiya sahəsində Azərbaycan dilində yazılan ilk dərsliklərin müəllifidir. Görkəmli alimin 2 cilddə "Geoloji-kəşfiyyat işləri", 4 cilddə "Faydalı qazıntıların geologiyası", "Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı", "Filiz sahələri və yataqlarının strukturu" və başqa əsərləri bu gün də tələbələrin və müvafiq sahədə çalışan mütəxəssislərin stolüstü kitablarındandır.

Rektor qeyd edib ki, Vasif Babazadənin müxtəlif istiqamətlərdə yaratdığı elmi məktəblərin təməli onun 1973-1980-ci illərdə dekanı olduğu Geologiya-coğrafiya fakültəsində qoyulub, hələ o illərdə görkəmli alim geologiya elminin və tədrisinin ciddi inkişafı üçün BDU-da ayrıca fakültəyə ehtiyac olduğunu bildirib. Beləliklə, BDU-nun Geologiya fakültəsi Vasif Babazadənin təşəbbüsü ilə yaradılıb. Alim fakültənin Faydalı qazıntılar kafedrasına rəhbərlik etməklə yanaşı, “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” elmi-tədqiqat laboratoriyasını da yaratmağa nail olub. Akademik Vasif Babazadə fəaliyyətində dövlətçilik, azərbaycançılıq, milli maraqlar sistemini həmişə rəhbər tutub. Alim "Yerin təki haqqında" qanunun hazırlanıb qəbul edilməsində böyük xidmət göstərib. “Təhsil haqqında" qanun layihəsini hazırlayan işçi qrupun üzvü olub. Akademik Vasif Babazədənin məhsuldar fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, hələ 1978-ci ildə təbii resurslardan səmərəli istifadə etməklə bağlı silsilə əsərlərinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. 2000-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə Vasif Babazadə “Əməkdar elm xadimi” fəxri adı alıb. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2009-cu ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordenləri ilə mükafatlandırılıb. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib. Görkəmli alim 2017-ci ildə AMEA-nın akademik Musa Əliyev adına mükafatını alıb, 2018-ci ildə isə Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına mükafatına layiq görülüb.

Daha sonra akademik Vasif Babazadənin ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında qeyd edib ki, akademik Vasif Babazadə alim, insan, vətəndaş, müəllim kimi etalondur: “Görkəmli alim dövlətimizə, çalışdığı kollektivə həmişə sədaqətli olub. O, bütün uğurlarını öz əməyi və fəaliyyəti nəticəsində qazanıb. Akademik Vasif Babazadə ölkəmizə və elmimizə verdiyi töhfələri ilə həmişə öyünə bilər”.

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologi Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev, BDU-nun professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Givi Gavardaşvili, BDU-nun professoru, Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı, "Azerbaijan İnternational Mining Compani Limited" şirkətinin baş geoloqu Anar Vəliyev, Vasif Babazadənin yetirməsi, Mərmərə Universitetinin magistri Samirə Novruzova çıxışlarında görkəmli akademikin Azərbaycan elmi və təhsilinin, BDU-nun inkişafında xidmətlərini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, Vasif Babazadənin elmi fəaliyyəti geologiyanın müxtəlif sahələrini əhatə edir. Onun araşdırmaları daha çox filiz yataqları və metallogeniyanın öyrənilməsi ilə bağlıdır. Geoloq alim kiçik Qafqazın qızıl yataqlarının tədqiqi sahəsində böyük işlər görüb.

Açılış mərasiminin sonunda söz yubilyara verilib. Akademik Vasif Babazadə konfransın təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycan elminin və təhsilinin inkişafına xidmət etməkdən qürur duyduğunu bildirib.

Konfrans plenar və bölmə iclasları ilə davam edir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024