BDU-da akademik Vasim Məmmədəliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

15/11/2022

Bakı Dövlət Universitetində görkəmli şərqşünas-alim, əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Şərqşünaslıq: yeni istiqamətlər” mövzusunda Respublika elmi konfransı keçirilir.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev akademik Vasim Məmmədəliyevin Azərbaycanda şərqşünaslıq və ilahiyyat elmlərinin, təhsilin inkişafında misilsiz rola malik olduğunu xatırladıb, onun işıqlı xatirəsinin daim davamçılarının, tələbələrinin və bütün Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. Rektor görkəmli alimin elmin və dinin kütləviləşməsi istiqamətində mühüm fəaliyyətini də diqqətə çatdırıb, Şərqşünaslıq fakültəsinin inkişafında oynadığı xidmətləri xatırladıb.

BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov konfrans iştirakçılarını akademik Vasim Məmmədəliyevin həyatı və zəngin, çoxşaxəli fəaliyyəti ilə tanış edib. Bildirib ki, fəaliyyət göstərdiyi illər ərzində böyük uğurlara imza atan Vasim Məmmədəliyev 10 il Şərqşünaslıq, 25 il İlahiyyat fakültələrinin dekanı olub, habelə Universitetin Humanitar fakültələr üzrə prorektoru, 30 ilə yaxın Ərəb filologiyası kafedrasının müdiri vəzifəsində çalışıb. Vasim Məmmədəliyev ərəb dilinin mahir bilicisi kimi şərqşünaslıq elminin müasir səviyyəyə yüksəlməsində, müstəqilliyimizin ilk illərində xalqımızın İslam dininin əsasları ilə yenidən tanışlığında, ölkədə tolerant mühitin formalaşdırılmasında əvəzedilməz xidmətlər göstərib. Alimin ən böyük xidmətlərindən biri isə müqəddəs “Qurani-Kərim”in tərcüməsidir. Akademik Ziya Bünyadov ilə birgə hazırlanan tərcümə çox uğurlu alınıb, xalqımızı müqəddəs kitabla yaxından tanış edib.
Daha sonra Vasim Məmmədəliyevin həyatı və fəaliyyəti ilə bağlı video izlənilib.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan “Əsl ziyalı timsalı Vasim müəllim”, Milli Məclisin üzvü, akademik Rəfail Hüseynov “Azərbaycan şərqşünaslığının həmişə qayıdılacaq səhifəsi”, Milli Məclisin üzvü, professor Jalə Əliyeva “Vasim Məmmədəliyev – elmin müdrik ziyası”, Ərəb filologiyası kafedrasının professoru Elxan Əzizov “Azərbaycan şərqşünaslığının inkişafında akademik Vasim Məmmədəliyevin rolu” mövzularında məruzələr ediblər.

Konfransda Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, Əlcəzairdə, Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfirləri Şahin Abdullayevin, Tural Rzayevin, İlqar Muxtarovun, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Qismət Gözəlovun konfrans iştirakçılarına təbrik məktubları səsləndirilib.

Görkəmli akademikin oğlu Ayaz Məmmədəliyev atasının xatirəsinə göstərilən ehtiram üçün BDU rəhbərliyinə təşəkkürünü bildirib.

Öz işini plenar iclaslarla davam etdirən konfrans sabah yekunlaşacaq.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024