BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində akademik Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Əliyusif Məmmədov “Akademik Yusif Məmmədəliyevin irsinə dair elektron biblioqrafik mənbələr” mövzusunda məruzə edib.
Əliyusif Məmmədov “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin görkəmli alimin elmi irsinə və parlaq şəxsiyyətinə hər zaman böyük ehtiram göstərdiklərini diqqətə çatdırıb.
Məruzədə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Yusif Məmmədəliyevin zəngin elmi irsinə dair ən müxtəlif sənədlərin rəqəmsallaşdırılması, qorunması və istifadəsinin təşkili məsələləri şərh olunub. Qeyd olunub ki, akademik Yusif Məmmədəliyevin elmi irsinin sistemləşdirilməsi, elektron biblioqrafik mənbələrin yaradılması və onların elmi ictimaiyyət üçün əlyetərliyi xüsusi aktuallıq kəsb edir. Tədqiqatda Azərbaycan Milli Kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının görkəmli alimə həsr etdiyi elektron resurslar təhlil olunub, bu resursların gələcək elmi tədqiqatların sistemləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb: “Haqqında bəhs olunan elektron biblioqrafik mənbələr Yusif Məmmədəliyevin akademik fəaliyyətinin bütün aspektlərini, o cümlədən görkəmli alimin kimya elmi sahəsindəki tədqiqatlarını, yaratdığı elmi məktəbin istiqamətlərini, elmi təşkilatçılıq fəaliyyətini, beynəlxalq elmi əlaqələrini, kadrların yetişdirilməsindəki xidmətlərini əhatə edir və davamlı olaraq təkmilləşdirilir”.
Tədqiqatda həmçinin dünya təcrübəsində görkəmli alimlərin irsinə dair elektron arxiv və biblioqrafik platformaların fəaliyyətindən nümunələr gətirilib, bir sıra müqayisəli təhlillər aparılıb.


