BDU-da akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə intellektual yarışın final mərhələsi keçirilib
Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə "Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışın final oyunu qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Seçim turuna həsr olunmuş video-çarxın nümayişi ilə başlayan tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq görkəmli oftalmoloq alimin xatirəsinə həsr olunmuş intellektual oyunları yüksək qiymətləndirib. Qeyd edib ki, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanan akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar keçirilən intellektual yarışdan, o cümlədən görkəmli oftalmoloqun Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışıb.
Yasamal rayonu İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Zərifə Əliyevanın doğum günü münasibətilə rayonun müxtəlif təşkilatlarında keçirilən tədbirlərdən bəhs edib.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb. I yerin qalibi olan “Sumqayıt” komandasına “Qələbəyə doğru” kuboku təqdim edilib. II yeri “Goranboy”, III yeri isə “Sabirabad” komandaları tutub. Digər komandalara isə həvəsləndirici diplomlar təqdim edilib.
Qeyd edək ki, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə “Qələbəyə doğru” intellektual yarışı Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edib və 2 mart-19 aprel tarixlərində keçirilən regional mərhələlərdə 12 komanda finala vəsiqə qazanıb.
Mətbuat və informasiya şöbəsi, 28 aprel 2017-cı il