BDU-da antibakterial makroheterotsikllərin sintezi və tətbiqi üzrə tədqiqatlar davam edir

11/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə, Biotibbi materiallar ICESCO kafedrasının müdiri Ülviyyə Həsənova, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova, Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Gönçə Eyvazova, Molekular biologiya və biotexnologiya kafedrasının baş müəllimi Sənəm Hüseynovanın həmmüəllifi olduqları “Synthesis, nanostructuring and in silico studies of a new imine bond containing macroheterocycle as a promising PBP-2a non-β-lactam inhibitor” adlı məqalə “Journal of Materials Chemistry B” jurnalında (IF: 7.0, Q1 kateqoriyalı) dərc olunub.

https://pubs.rsc.org/en/content/articlelanding/2023/tb/d3tb00602f/unauth

Tədqiqat işi qırx üzvlü makroheterotsiklin sintezinə, onun maqnit nanohissəcikləri ilə nanostrukturlaşdırılmasına və alınan ansamblın tədqiqinə həsr olunub. Qeyd olunan makroheterotsikl diaminin və aromatik dialdehid ilə [2+2] tsiklokondensasiyası yolu ilə sintez edilib. Alınmış makroheterotsiklin strukturu 1H və 13C Nüvə Maqnit Rezonans spektroskopiyası və MALDİ kütlə spektrometriya üsulu ilə öyrənilib. Daha sonra maqnetit nanohissəcikləri ilə makroheterotsiklin nanosupramolekulyar kompleksi alınıb və İQ və UB spektroskopiya üsulları ilə tədqiq edilib. Makroheterotsiklin maqnetit nanohissəciklərinə yükləmə dərəcəsi 18,6% təşkil edib. Ansamblın morfologiyası Transmission Elektron Mikroskopiya üsulu ilə tədqiq olunub, 10-20 nm diametr diapazonuna malik nanosferik hissəciklər sintez edilib. Makroheterotsikl və onun nanosupramolekulyar kompleksinin antibakterial aktivliyi Klebsiella pneumoniae, Pseudomonas aeruginosa və Staphylococcus aureus-a qarşı tədqiq olunub. Nəticələr göstərmişdir ki, kompleks fərdi makroheterotsikllə müqayisədə Staphylococcus aureus-a qarşı 64 dəfə, Ampisillin antibiotikı ilə müqayisədə isə 32 dəfə daha yaxşı aktivdir. Bundan əlavə, makroheterotsiklin B3LYP/6-31G səviyyəsində in siliko analizi aparılıb. Molekulyar dokkinq tədqiqatı zamanı makroheterotsiklin Staphylococcus aureus-da hədəf zülalının transpeptidaza ailəsindən Penisillin bağlayan zülal PBP2a (5M18) olduğu aşkarlanıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024