Bakı Dövlət Universitetində "A.S.Puşkin muzeyləri dünya xəritəsində" devizi altında keçirilən "Puşkiniana-2019" layihəsinin nəticələrinə aid tədbir keçirilib
Adıçəkilən layihə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, “Rossotrudnichestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Rus İcması və Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib.
Azərbaycanlı şagird və tələbələr mart-may aylarında Aleksandr Puşkinin yaradıcılığına aid şeir müsabiqələrində, esselərin yazılmasında, mini-tamaşaların göstərilməsində, yaradıcı təqdimatlarında, musiqi əsərlərin ifasında iştirak ediblər.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Federasiyasının Səfirliyinin müşaviri İqor Eronin, “Rossotrudnichestvo” nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, protoirey Dionisi Sveçnikov və BDU nəzdində fəaliyyət göstərən “Rus Dünyası” Fondunun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova "Puşkiniana-2019"-nın qaliblərinə diplom və hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, qaliblər sırasında universitetin Filologiya fakültəsinin tələbəsi Rafaella Həsənova da olub.
Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova tədbirin münsiflər heyətinə sədrlik etdiyinə görə fəxri diplomla təltif edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Mətbuat və informasiya şöbəsi, 11 iyun 2019-cu il.