BDU-da “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı Respublika elmi konfransı keçirilib

01/11/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı Respublika elmi konfransı keçirilib. Konfrans 44 günlük Vətən müharibəsində böyük Zəfərin ikinci ildönümünə həsr olunub.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2020-ci ilin noyabr Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və əzminin, Azərbaycan xalqı ilə dövlətinin həmrəyliyinin, qəhrəman Ordumuzun peşəkarlığının, əsgər və zabitlərimizin fədakarlığının təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız şanlı Ordumuzun deyil, diplomatiyamızın da Ali Baş Komandanı oldu. Bu qələbə ilə xalqımız öz tarixinin yeni bir mərhələsinə qədəm qoydu. Böyük Zəfərin ardınca yeni zəfərlər yarandı, doğma Qarabağımız və Şərqi Zəngəzurumuzda isə böyük tikinti-quruculuq işlərinə başlanıldı.

Elçin Babayev qeyd edib ki, şanlı Zəfərimizdə - torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan dili və ədəbiyyatı mənəvi güc mənbəyi olub. Bu gün Qarabağ ədəbi mühitinin, dialektinin, onomastikasının yenidən və hərtərəfli tədqiqinə böyük ehtiyac var: “Əminəm ki, “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı Respublika elmi konfransı bu baxımdan faydalı olacaq, bölmə iclaslarında Qarabağ mövzusuna dair bir çox dilçilik və ədəbiyyatşünaslıq məsələləri təhlil və müzakirə ediləcək”.

Akademik Nizami Cəfərov isə çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi, şəhidlərimizin qanları bahasına qazanılan Zəfər yalnız 30 illik torpaq həsrətinə son qoymadı, xalqımızın milli və tarixi şüurunu yenidən oyatdı, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin hansı miqyasda olduğunu göstərdi: “Vətən müharibəsi həm də Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri və ritorikası ilə sözün böyük gücünü göstərdi. Azərbaycan filoloji fikrində Vətən müharibəsi həm də Söz müharibəsi sayılır və biz bu müharibədən də qalib çıxmışıq”. Nizami Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan şairləri və yazıçıları tərəfindən Vətən müharibəsini tərənnüm edən xeyli poeziya nümunələri və hekayələr yaradılıb. Yeni nəsr əsərləri də yaranmaqdadır: “Ümid edirəm ki, Azərbaycanın ədəbiyyatşünasları bu böyük Zəfər qarşısında borclu qalmayacaqlar”.

Akademik Teymur Kərimli də konfransın Vətən müharibəsində qazanılan böyük qələbənin ədəbiyyatşünaslıqda əksi baxımından mühüm nəticələrə səbəb olacağına əminliyini bildirib. Daha sonra Qarabağ haqqında yazdığı şeirlərdən birini səsləndirib.

İ. Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Kifayət İmamquliyeva “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dilçilik coğrafiyası üsulu ilə tədqiqi”, N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Əlizadə Əsgərli “Qarabağ ürəyimdir, Şuşa gözüm giləsi”, BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı “Azərbaycan maarifçiliyi və Qarabağ” mövzularında məruzələr ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024