BDU-da “Azərbaycan təbiətini qoruyaq” mövzusunda elmi seminar keçirilib

17/03/2022

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Azərbaycan təbiətini qoruyaq” mövzusunda elmi seminar keçirilib.

27 Mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı keçirilən seminarda fakültə dekanı Şəkər Məmmədova ölkədə baş verən iqlim dəyişikliklərinə antropogen və təbii amillərin təsirindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov “Azərbaycan Respublikasında müasir ekoloji problemlər və onların həlli yolları“ mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də, təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır. Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji  disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. Alim xəbərdarlıq edib ki, 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq.

Fiziki coğrafiya kafedrasının müdiri, professor Yaqub Qəribov “Landşaftların ekoloji vəziyyətinin tənzimlənməsi“ mövzusunda çıxış edib. O bildirib ki, respublika ərazisində mövcud olan meşə fondunun ərazisi ümumi ərazinin 14 faizini təşkil edir. Meşə örtülü sahələr isə 11 faizdən 11,8 faizə qədər artıb.  

Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti  Tahir İbrahimov “Azərbaycan təbiətindən səmərəli istifadə etməklə onun qorunması” mövzusunda məruzə edib. Tahir İbrahimov Milli parklarda fəaliyyətin təşkili, qoruqların mühafizə rejiminin gücləndirilməsi, təbiətin gələcək nəsillərə qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib.   

Geodeziya və kartoqrafiya kafedrasının dosenti Ramiz Əhlimanov “Azərbaycan təbiətinin qorunmasının kartoqrafik metodlarla öyrənilməsi” mövzusunda məruzəsində nəzəri informasiya metodu ilə təbiətin mühafizəsi istiqamətləri haqqında məlumat verib, eyni zamanda həmin metodların ərazidə tətbiqinin üstünlüklərini göstərib.

Elmi seminar müzakirələrlə davam edib. Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamonov, Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, dosent Həbibə Soltanova məruzələrlə bağlı fikir bildiriblər.  
Qeyd olunub ki, Azərbaycanda həyata keçiriləcək layihələr, tikinti-quruculuq işləri, ətraf mühitə təsiri minimum olan alternativ enerji qurğularının quraşdırılması zamanı ekoloq, iqlimşünas, kartoqraf və digər ixtisaslar üzrə mütəxəssislər də cəlb edilməlidir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024