BDU-da Azərbaycanın palçıq vulkanlarının geoekoloji potensialı öyrənilir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Azərbaycanın palçıq vulkanlarının geoekoloji potensialı və UNESCO Qlobal Geopark modelinə inteqrasiya perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, Coğrafi ekologiya kafedrasının doktorantı Tahir Yunuslu Azərbaycanın palçıq vulkanlarının təbii-landşaft sistemlərində rolu, geoekoloji xüsusiyyətləri və geopark modeli çərçivəsində qiymətləndirilməsinə dair tədqiqatını təqdim edib. Tədqiqat çərçivəsində Abşeron yarımadasında yerləşən 16 palçıq vulkanının məkan yerləşməsi, geomorfoloji xüsusiyyətləri və ekocoğrafi funksiyaları müasir coğrafi informasiya sistemləri və məsafədən zondlama məlumatları əsasında təhlil olunub. Aparılan məkan analizləri nəticəsində palçıq vulkanlarının landşaft formalaşmasında rolu, geokimyəvi proseslərdə iştirakı və biomüxtəliflik üçün yaratdığı xüsusi ekoloji şərait müəyyən edilib.
Aparılan tədqiqatların nəticələrinə əsasən, palçıq vulkanlarının geopark modeli çərçivəsində qiymətləndirilməsi üçün ekocoğrafi yanaşma tətbiq edilib, bir sıra vulkanların elmi, ekoloji və turizm potensialı müəyyənləşdirilib. Eyni zamanda, onların geoloji irs obyekti kimi qorunmasının və geoturizm istiqamətində istifadəsinin regionların sosial-iqtisadi inkişafına töhfə verə biləcəyi vurğulanıb.
Sonda seminarda tədqiqatın əsas nəticələri və perspektiv istiqamətləri təqdim olunub, palçıq vulkanlarının geopark konsepsiyası çərçivəsində qiymətləndirilməsinin Azərbaycanın təbii irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.


